Həyəcan təbili: Dünyanı təşvişə salan yeni virus insanda tapıldı - Professor TƏCİLİ XƏBƏRDARLIQ ETDİ

Fransada heyvanlarda yayılan Şamonda virusunun insanda aşkarlanması yeni epidemioloji riskləri gündəmə gətirib. Virusun insanlara keçmə yolları, mümkün fəsadları və yayılma ehtimalı ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər virusun xüsusiyyətlərinin, yayılma dinamikasının və insan sağlamlığına təsirinin diqqətlə araşdırılmasının vacibliyini vurğulayırlar.

Referans Media-ya açıqlamasında professor Adil Qeybulla bildirib ki, Şamonda virusu RNT tərkibli virusdur və mutasiyaya uğraya bilir. Onun sözlərinə görə, virus ilk dəfə heyvanlarda aşkarlanıb. Həmin heyvanlar arasında xəstələnmə və ölüm halları qeydə alınıb və aparılan müayinələr zamanı virus müəyyən edilib.

Professor qeyd edib ki, virus sonradan bir sıra ölkələrdə də yayılıb. Lakin onun fikrincə, virusun insanda aşkarlanması onun ilk dəfə məhz Fransada ortaya çıxması demək deyil.

Adil Qeybulla bildirib ki, insanlarla insanlar arasında yoluxma barədə hələlik məlumat yoxdur. Bununla belə, virusun heyvanlardan insana keçməsi zoonotik virus olması baxımından narahatlıq doğurur.

Onun sözlərinə görə, virus əsasən xırda qansoran həşəratlar vasitəsilə heyvanlar arasında yayılır. Professor hesab edir ki, virusun insanda mövcudluğunun aşkarlanması onun insan orqanizmində yayılma imkanlarının da araşdırılmasını zəruri edir.

Adil Qeybulla vurğulayıb ki, virusun dinamikası, epizootik vəziyyəti və epidemiologiyası diqqətlə izlənilməli, onun təbii daşıyıcılarının mümkün qədər məhv edilməsi istiqamətində tədbirlər görülməlidir.

Professorun fikrincə, hazırda bu virusla bağlı dünya miqyasında ciddi problemin yaranacağı gözlənilməsə də, hər hansı virusun insanda aşkarlanması yeni vəziyyət yaradır. Buna görə də virusun yayılmasını izləyəcək xüsusi tədqiqat qrupunun yaradılması məqsədəuyğun olardı.

Virus hansı əlamətlərlə özünü göstərir?

Adil Qeybulla bildirib ki, Şamonda virusu insanda soyuqdəyməyə bənzər əlamətlər, o cümlədən baş ağrısı, bel ağrısı, ümumi halsızlıq və zəiflik, eləcə də yuxarı tənəffüs yollarına aid əlamətlər yarada bilər.

Professorun sözlərinə görə, immun sistemi zəif olan şəxslərdə xəstəlik daha ciddi vəziyyətə səbəb ola bilər. Fransada vəfat edən şəxsin də immun sisteminin zəif olduğu bildirilir.

Adil Qeybulla əlavə edib ki, virus bəzi insanlarda qripə bənzər formada özünü göstərə və sonradan sağalma ilə nəticələnə bilər. Bununla belə, o, məsələyə diqqətlə yanaşmağın vacibliyini vurğulayıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki