Bir il əvvəlin bu günü Ağ Evdə Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin əsası qoyuldu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və ardınca sülh sazişinin razılaşdırılmış mətninin paraflanması Azərbaycanın uzun illər apardığı məqsədyönlü siyasətin növbəti böyük nəticəsi idi. Azərbaycan bu masaya məğlub tərəf kimi deyil, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlət kimi oturdu.
Vaşinqtonda atılan addım 2020-ci il Zəfərinin diplomatik müstəvidə davamı olmaqla yanaşı, regionda Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbulunun daha bir mühüm göstəricisinə çevrildi. Həmin tarixi hadisədən bir il sonra əsas sual budur:
Vaşinqtonda başlayan proses Cənubi Qafqazın gələcəyini və Azərbaycanın regiondakı lider mövqeyini nə dərəcədə dəyişdi?
Referans Media xəbər verir ki, hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona rəsmi səfəri və orada imzalanan sənədlər Güney Qafqazda yeni siyasi düzənin başlanğıcıdır: "Xatırlatma üçün qeyd edək ki, həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə Vaşinqtonda mühüm siyasi sənədə - Vaşinqton Bəyannaməsinə imza atdı. Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair razılaşdırılmış saziş mətnini parafladılar. Azərbaycan və ABŞ isə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Anlaşma Memorandumu imzaladılar. Bu hadisələrin hər biri ayrı ayrılıqda mühüm olmaqla regionun geosiyasi taleyində yeni bir mərhələnin - sülh prosesinin, yeni təhlükəsizlik arxitekturasının, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün Azərbaycanla Ermənistan arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin açılmasının əsası qoyuldu. Eyni zamanda Azərbaycan – ABŞ münasibətlərində strateji yaxınlaşmaya keçidin başlanğıcı oldu.
Bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona rəsmi səfərinin ən mühüm geosiyasi yekunu Güney Qafqazda münaqişə dövrünün başa çatmasının və postmünaqişə dövrünün başlanmasının, regionun gələcək siyasi, təhlükəsizlik, iqtisadi və kommunikasiya xəritəsinin formalaşmasının rəsmi təsdiqi oldu. 8 avqust 2025-ci ilədək Azərbaycan-Ermənistan münasibətlərinin əsas çərçivəsini üç onillik münaqişənin mirası təşkil edirdi. Vaşinqton görüşü isə siyasi gündəmi dəyişdirdi. Vaşinqton Bəyannaməsində tərəflər razılaşdırılmış sülh sazişi mətninin paraflanmasını təsdiqlədi, sazişin imzalanması və ratifikasiyası üçün əlavə addımların zəruriliyini qeyd etdi, həmçinin kommunikasiyaların açılmasının vacibliyini vurğuladı. Eyni sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının qarşılıqlı fayda prinsipi əsasında təmin edilməsi məsələsi də öz əksini tapdı. Bu, əslində, sülhdən sonra regionun necə olacağını müəyyən edən çox mühüm siyasi dönüş idi".
Q.Əlibəylinin fikrincə, Vaşinqton görüşünün tarixi baxımdan ikinci böyük nəticəsi ATƏT-in Minsk prosesinin bağlanması istiqamətində atılan addım idi: " Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in münaqişə ilə bağlı Minsk prosesi və əlaqəli strukturlarının bağlanması üçün birgə müraciət etdilər. Daha sonra ATƏT bu strukturların bağlanmasına dair qərar qəbul etdi. Vaşinqton sammitinin Azərbaycan üçün ən böyük geosiyasi nəticələrindən biri də kommunikasiya məsələsinin beynəlxalq gündəmin mərkəzinə çıxarılması, Güney Qafqazın Avrasiya nəqliyyat sisteminə inteqrasiyası oldu. Vaşinqton sammitinin daha bir nəticəsi ABŞ – Azərbaycan münasibətlərində yeni bir mərhələnin əsasının qoyulması oldu. İki ölkə Arasında Strateji Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Strateji Xartiyanın özü isə 10 fevral 2026-cı ildə Bakıda imzalandı. Beləliklə, Vaşinqtonda başlanmış proses Bakıda institusional mərhələyə keçdi. Bu Vaşinqton sammitindən keçən bir ilin ən mühüm strateji nəticələrindən biri kimi qiymətləndirilməlidir.
Xartiyada ABŞ və Azərbaycan bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını münasibətlərin əsası kimi təsdiqləyirlər. Eyni zamanda regional bağlantı, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı strateji tərəfdaşlığın əsas sahələri kimi müəyyən edilir. Enerji, texnologiya, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, kibertəhlükəsizlik və humanitar minatəmizləmə də əməkdaşlıq istiqamətlərinə daxil edilir".
Müsahibimiz deyib ki, burada Azərbaycan üçün xüsusilə maraqlı olan əsas məqam ondan ibarətdir ki, ABŞ artıq Azərbaycanı yalnız sadəcə enerji tərəfdaşı kimi görmür. Azərbaycan bütövlükdə enerji, ticarət, maliyyə, nəqliyyat və logistika qovşağı kimi mövqeyini gücləndirməyə çalışan ölkə kimi qiymətləndirilir: "Bu, ABŞ hakimiyyətinin Azərbaycan haqqında siyasi təsəvvürünün dəyişdiyini təsdiq edən mühüm göstəricidir. Başqa sözlə, 2025-ci ilin avqustundan 2026-cı ilin avqustuna qədər baş verənlərə bütövlükdə baxdıqda bir nəticə xüsusilə nəzərə çarpır: Azərbaycan-ABŞ münasibətləri Qarabağ məsələsinin kölgəsindən çıxaraq daha geniş strateji çərçivəyə keçib. ABŞ prezidenti Donald Trampın 26 may 2026-cı il tarixli məktubunda da 2025-ci ilin avqust sammitindən sonra iki ölkənin regional bağlantı, iqtisadi əlaqələr və təhlükəsizlik sahələrində tərəfdaşlığı dərinləşdirdiyi xüsusi vurğulanır. Əlbəttə 8 avqust 2025-ci ilə birdən-birə gəlib çıxmamışdıq. Vaşinqton prosesinin əsas tərəflərindən biri olmaqla yanaşı, onun gündəliyinin formalaşmasına ən çox təsir edən aktorlardan biri Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevdir. 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini hərbi yolla bərpa etdi və 2023-cü ilin sentyabrında Qarabağ üzərində suverenliyini tam təmin etdi. Vətən müharibəsindən dərhal sonra prezident İlham Əliyev yeni reallıqdan istifadə edərək Ermənistanla dövlətlərarası münasibətlərin hüquqi əsaslarını yaratmaq yolu seçdi, dəfələrlə Azərbaycanın Ermənistanla sülh müqaviləsinə hazır olduğunu bildirdi və sülh üçün əsas prinsipləri önə çıxardı. Bu prinsiplərə ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, gələcəkdə qarşılıqlı ərazi iddialarından imtina və kommunikasiyaların açılması daxil idi. Məhz Azərbaycanın bu mövqeyi nəticəsində regional sülh prosesi tədricən münaqişənin əvvəlki çərçivəsindən çıxdı və iki suveren dövlət arasında münasibətlərin normallaşdırılması formatına keçdi. Azərbaycan prezidentinin sülh yanaşmasının əsas məntiqi bundan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi müharibədən əvvəlki vəziyyəti sadəcə bərpa etməməli, müharibədən sonra yaranmış yeni reallığı hüquqi şəkildə təsbit etməlidir. Məhz bu, iki ölkə arasında danışıqların ən fundamental məsələlərindən biri oldu. Bundan başqa məhz Azərbaycan prezidentinin təşəbbüsü ilə sülh prosesi üzrə diplomatik təmaslar və danışıqlar vasitəçilərsiz birbaşa həyata keçirildi".
Q.Əlibəylinin sözlərinə görə, Prezident İlham Əliyevin regionda sülh prosesinə yanaşmasının digər mühüm xüsusiyyəti sülhlə kommunikasiyaların açılması və iqtisadi bağlantı arasında birbaşa əlaqə yaratmasıdır: " Azərbaycanın mövqeyinə görə, regionda davamlı sülh yalnız siyasi sənədlərlə təmin edilə bilməz. İnsanların, malların, nəqliyyatın və investisiyaların hərəkəti üçün kommunikasiyalar açılmalıdır. Başqa sözlə sülh keçmiş müharibənin bitməsi ilə yanaşı gələcək əməkdaşlığın başlanmasıdır. Bu səbəbdən kommunikasiya məsələsi Azərbaycan üçün texniki nəqliyyat məsələsindən daha böyük məna daşıyır. Bu, sülhün iqtisadi təminatıdır.
Beləliklə, Azərbaycan özünü yalnız sülh sazişinin imzalanmasını gözləyən tərəf kimi deyil, sülhdən sonrakı regional düzənin formalaşdırılmasında iştirak edən əsas aktor kimi təqdim etdi. Bu gün Azərbaycan sülh prosesinin yekunlaşması üçün bütün mümkün olanları edib. Ermənistanın nəqliyyat blokadası aradan qaldırılıb, Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl və digər məhsullar daşınır, iqtisadi əlaqələr qismən bərpa olunub, Ermənistana neft məhsulları satılır".
Siyasi ekspert hesab edir ki, paraflanmış sülh müqaviləsinin imzalanmasına yeganə maneə Ermənistan Konstitusiyasıdır: "Ermənistan Konstitisiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar vardır. Azərbaycan tərəfi həmin müddəaların Ermənistan konstitusiyasından çıxarılmasını sülh müqaviləsinin imzalanmasının yeganə şərti kimi irəli sürüb və bu məsələdə mövqeyinin dəyişilməz olduğunu dəfələrlə aşıq şəkildə bildirib. Lakin hadisələrin gedişi göstərir ki, Ermənistan rəhbərliyi konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bu dəyişikliklərin həyata keçirilməsi proseduruna praktiki başlamağa tələsmir və ümumiyyətlə bu işə hələ hazır deyil. Bu gün sülh müqaviləsi Ermənistan tərəfinin tərəddüdü səbəbindən imzalanmasa da, Vaşinqton sammitindən keçən bir il Azərbaycan dövləti üçün, prezident İlham Əliyevin siyasəti üçün uğurlu il hesab olunmalıdır".
