Lionel Messinin atası vəfat etdi

Argentina millisinin kapitanı və dünya çempionu Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə "Infobae" məlumat yayıb.

Məlumata görə, Xorxe Messi uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib.

Xorxe Messi Lionel Messinin atası olmaqla yanaşı, onun peşəkar futbolçu kimi formalaşmasında mühüm rol oynayıb.

Xorxe oğlunun "Nyuells Old Boys" akademiyasındakı ilk addımlarından etibarən karyerasını yaxından izləyib, İspaniyaya köçməsi və "Barselona"da peşəkar fəaliyyətə başlaması prosesində ona dəstək olub.
 

Lionel Messi uşaqlıqda böyümə hormonu çatışmazlığından əziyyət çəkərkən onun müalicəsi üçün imkanların axtarılmasında da Xorxe Messi mühüm rol oynayıb. O, oğlunun "Barselona"ya keçidinin təşkilinə kömək edib. Kataloniya klubu isə futbolçunun müalicə xərclərini öz üzərinə götürərək onun inkişafı üçün lazımi şərait yaradıb.


Xorxe Messi uzun illər ərzində oğlunun meydandan kənar əsas məsləhətçisi və nümayəndəsi olub. O, ictimaiyyət qarşısında nadir hallarda görünərək daha çox kənarda qalmağa üstünlük verib. Lakin Lionel Messinin karyerasının ən mühüm mərhələlərində daim onun yanında olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki