Məkkə sazişi “İslam NATO”suna çevrilir?

Yücel Karauz: "Bu xüsusilə İran üçün həssas məsələdir, çünki..." 

Məlum olduğu kimi, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi imzalanıb. Sazişin əsas müddəalarından biri tərəflərdən hər hansı birinə qarşı silahlı hücumun bütün tərəflərə edilmiş hücum kimi qiymətləndirilməsidir. Razılaşmanı xüsusilə diqqətçəkən edən məqam isə onun iştirakçılarının fərqli, lakin bir-birini tamamlayan strateji imkanlara malik olmasıdır. Türkiyə NATO üzvü olmaqla yanaşı, regionun mühüm hərbi-sənaye güclərindən biridir. Pakistan nüvə silahına malik dövlətdir. Səudiyyə Ərəbistanı isə ərəb və müsəlman dünyasında böyük siyasi və iqtisadi nüfuza sahib ölkədir.
Bu baxımdan Məkkə sazişi yalnız üç ölkə arasında müdafiə əməkdaşlığının gücləndirilməsi kimi deyil, Yaxın Şərq və Cənubi Asiyanın təhlükəsizlik arxitekturasına təsir göstərə biləcək yeni mexanizm kimi də qiymətləndirilir.

Bəs bu saziş həqiqətən yeni hərbi ittifaqın başlanğıcıdır, yoxsa tərəflərin əsas məqsədi qarşılıqlı təhlükəsizlik və çəkindirmə imkanlarını gücləndirməkdir? Ən mühüm suallardan biri isə İranın bu yeni təhlükəsizlik formatına münasibətidir. Tehran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaxınlaşmasını özünə qarşı formalaşan potensial hərbi-siyasi blok kimi qiymətləndirə bilərmi?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı ehtiyatda olan Türkiyə generalı Yücel Karauz Musavat.com-a danışıb. General qeyd edib ki, Məkkə sazişi Yaxın Şərq və Cənubi Asiyada təhlükəsizlik arxitekturasına təsir edə biləcək mühüm addımlardan biridir: "Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan saziş xüsusilə tərəflərdən birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirilməsi ilə diqqət çəkir.
Bu müddəa ilk baxışdan sazişi NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzədir. Lakin hazırkı mərhələdə Məkkə Sazişini klassik hərbi alyans kimi qiymətləndirmək doğru olmaz. Daha çox üç ölkənin qarşılıqlı təhlükəsizlik və çəkindirmə imkanlarını gücləndirməyə yönəlmiş mexanizm kimi dəyərləndirilə bilər.
Burada üç ölkənin hər birinin malik olduğu fərqli imkanlar xüsusi əhəmiyyət daşıyır. Səudiyyə Ərəbistanı böyük iqtisadi və maliyyə resursları ilə yanaşı, Körfəz regionunda ciddi siyasi nüfuza malikdir. Türkiyə NATO üzvü kimi böyük hərbi təcrübəyə, inkişaf etmiş müdafiə sənayesinə və geniş hərbi imkanlara sahibdir. Pakistan isə nüvə silahına malik olması və böyük hərbi potensialı ilə bu əməkdaşlığın təhlükəsizlik komponentini daha da gücləndirir. Ankara və Ər-Riyad sazişin hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini və müdafiə xarakteri daşıdığını xüsusi vurğulayırlar. Buna görə də sənədin əsas məqsədinin regionda artan təhlükəsizlik riskləri fonunda qarşılıqlı müdafiə imkanlarını gücləndirmək, hərbi əməkdaşlığı genişləndirmək, texnologiya mübadiləsini və birgə təlimləri artırmaq olduğu bildirilir".

Picture background

Generalın fikrincə, Məkkə sazişi İran üçün xüsusilə həssas geosiyasi məsələdir:"Çünki İranın həm şərqində Pakistan, həm qərbində Türkiyə, həm də cənubunda Səudiyyə Ərəbistanı yerləşir. Bu üç ölkənin təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa başlaması Tehranda regiondakı güc balansının dəyişməsi ilə bağlı narahatlıq yarada bilər. Xüsusilə Pakistanın nüvə silahına malik olması sazişin yaratdığı təhlükəsizlik balansında mühüm amildir. Əgər gələcəkdə üç ölkə arasında müdafiə əməkdaşlığı daha da dərinləşərsə, bu, İranın regional təhlükəsizlik hesablamalarına təsir göstərə bilər.
İran tərəfindən sazişə ilk reaksiyalarda tənqidi yanaşmalar da səsləndirilib. Tehrandakı bəzi siyasətçilər belə razılaşmaların regiona kənardan sabitlik gətirə bilməyəcəyini və Səudiyyə Ərəbistanının təhlükəsizliyini xarici güclərin dəstəyi ilə təmin etməyə çalışmamalı olduğunu bildiriblər.
Bununla belə, İranın Türkiyə və Pakistanla münasibətləri tamamilə gərginləşdirməkdə maraqlı olmadığı da görünür. Ankara və İslamabadın Tehranla diplomatik kanalları açıq saxlaması və sazişin İrana qarşı yönəlmədiyini bildirməsi İran üçün müəyyən manevr imkanlarını qoruyur.
“İslami NATO” demək hələ tezdir Məkkə sazişini indidən “İslam NATO”su adlandırmaq üçün əsaslar kifayət qədər deyil. Bunun üçün üç ölkə arasında vahid komandanlıq strukturu, konkret hərbi inteqrasiya mexanizmləri və daha geniş institusional çərçivənin formalaşması lazımdır".

Yücel Karauz həmçinin vurğulayıb ki,
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın təhlükəsizlik sahəsində əməkdaşlığını rəsmiləşdirməsi Yaxın Şərq və Cənubi Asiyanın kəsişməsində yeni güc balansının formalaşmasına səbəb ola bilər: "Bu baxımdan Məkkə sazişi yalnız üç ölkənin müdafiə əməkdaşlığı deyil, həm də regionda yeni çəkindirmə mexanizminin yaranması kimi qiymətləndirilə bilər. İran isə sazişi açıq şəkildə özünə qarşı yaradılmış hərbi blok kimi qəbul etməsə belə, Ankara-Ər-Riyad-İslamabad xəttində təhlükəsizlik əməkdaşlığının güclənməsini gələcək regional siyasət və hərbi planlaşdırmada nəzərə almalı olacaq".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki