“Məkkə sazişi”nin əsas geopolitik nəticələri yalnız regional müstəvi ilə məhdudlaşmaya da bilər... Böyük ehtimalla bu üç ölkənin hərbi-strateji ittifaqı ABŞ, Çin və Rusiya kimi qlobal güclərin də maraq dairəsinə təsir göstərəcək...
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan üçtərəfli müdafiə sazişi olduqca önəmli geopolitik nəticələr vəd edir. Elə indidən bunu Yaxın Şərq və Cənubi Asiyanın təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. “Məkkə sazişi” adlandırılan sənəd üç ölkə arasında hərbi-siyasi, kəşfiyyat, hərbi-texniki və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Onu da qeyd etmək lazımdır ki, "Məkkə sazişi"nin ən diqqətçəkən müddəası kollektiv müdafiə prinsipi ilə bağlıdır. Belə ki, bu sənədə əsasən, iştirakçı dövlətlərdən birinə qarşı silahlı hücum, digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndiriləcək. Və bu isə üç ölkənin təhlükəsizlik siyasətini müəyyən mənada, vahid mexanizm daxilində əlaqələndirmək niyyətindən xəbər verir.
Bütün bunları nəzərə aldıqda, “Məkkə sazişi”ni sıradan müdafiə əməkdaşlığı sənədi kimi qiymətləndirmək çətindir. Çünki Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının malik olduğu hərbi, iqtisadi və geostrateji imkanlar bir araya gəldikdə, olduqca önəmli reallıq diqqəti çəkir. Və bu, Yaxın Şərqdən Cənubi Asiyaya qədər uzanan geniş geopolitik coğrafiyada yeni güc mərkəzinin formalaşma ehtimalı deməkdir.
Maraqlıdır ki, Türkiyə NATO-nun üzvüdür və böyük hərbi-sənaye potensialına malikdir. Pakistan isə nüvə silahına sahib olmaqla yanaşı, həm də Cənubi Asiyanın önəmli hərbi güc mərkəzlərindən biridir. Səudiyyə Ərəbistanı isə nəhəng maliyyə resursları, enerji ehtiyatları və Yaxın Şərqdəki siyasi təsir gücü ilə diqqəti çəkir. Yəni, bu üç ölkənin sahib olduğu imkanlar müəyyən mənada, bir-birini tamamlayır. Türkiyə hərbi sənaye və texnoloji imkanları, Pakistan hərbi və nüvə çəkisi, Səudiyyə Ərəbistanı isə maliyyə və enerji resursları ilə bu formatın əsas dayaqlarını təşkil edə bilər.
Ona görə də, məhz bu faktorlar “Məkkə sazişi”nin gələcəkdə yalnız üç ölkə arasında hərbi əməkdaşlıqla məhdudlaşmayacağı ilə bağlı ehtimalları da gündəmə gətirir. Sazişin kollektiv müdafiə prinsipi isə NATO-nun məşhur 5-ci maddəsi ilə müəyyən paralelliklər yaradır. Halbuki, hələlik burada əsas məsələ kollektiv müdafiə öhdəliyinin praktikada necə işləyəcəyi ilə bağlıdır.
Məsələ ondadır ki, sazişin iştirakçılarına hücum zamanı hansı dövlətin hansı hərbi qüvvəni, hansı miqyasda və hansı prosedurla səfərbər edəcəyi böyük önəm daşıyır. Üstəlik, ortaq qərarların necə qəbul olunacağı və hərbi əməliyyatların hansı mexanizmlə koordinasiya ediləcəyi də gələcəkdə müəyyənedici rol oynaya bilər. Bununla belə, sənədin verdiyi siyasi mesaj artıq kifayət qədər aydındır. Yəni, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı regional təhlükəsizlik məsələlərində daha müstəqil, həm də koordinasiyalı mövqe formalaşdırmaq niyyətindədir.
Belə ki, əgər, bu üç ölkə müdafiə əməkdaşlığını tədricən daha geniş siyasi koordinasiya ilə tamamlasalar, onda, Yaxın Şərq böhranı, Fələstin məsələsi və regional təhlükəsizlik problemləri ətrafında yeni siyasi-diplomatik xətt yarana bilər. Səudiyyə Ərəbistanı bu mexanizmdə Körfəz təhlükəsizliyini, Türkiyə isə Yaxın Şərqdəki hərbi-siyasi balansı təmin edə bilər. Pakistanın bu prosesə qoşulması isə həmin təhlükəsizlik xəttini Cənubi Asiyaya qədər genişləndirmək anlamı daşıyır.
Bütün bunların nəticəsində Yaxın Şərq-Cənubi Asiya xəttini birləşdirən qeyri-adi geopolitik üçbucaq yaranmış olur. Bu geopolitik üçbucağın əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçı tərəflərin hər biri fərqli regional sistemin önəmli aktorudur. Yəni, Türkiyə Avrasiya və Yaxın Şərq arasında, Səudiyyə Ərəbistanı Körfəz və ərəb dünyasında, Pakistan isə Cənubi Asiyada strateji mövqeyə malikdir.
Digər tərəfdən, “Məkkə sazişi”nin əsas geopolitik nəticələri yalnız regional müstəvi ilə məhdudlaşmaya da bilər. Belə ki, bu üç ölkənin geostrateji tərəfdaşlığının dərinləşməsi böyük ehtimalla ABŞ, Çin və Rusiya kimi qlobal güclərin də maraq dairəsinə təsir göstərəcək. Ağ Ev üçün əsas məsələ Türkiyə kimi NATO üzvünün ABŞ-ın Yaxın Şərq siyasətindən müəyyən məsələlərdə daha müstəqil hərəkət edə biləcək regional təhlükəsizlik formatında avanqard iştirakçıya çevrilməsidir.
Çin baxımından isə bu formatda Səudiyyə Ərəbistanı və Pakistanın iştirakı xüsusilə əhəmiyyətlidir. Çünki rəsmi Pekin son illərdə Körfəz ölkələri ilə əlaqələrini daha da genişləndirir və Pakistanı “Bir kəmər, bir yol” strategiyasının önəmli tərəfdaşlarından biri hesab edir. Rusiya isə Türkiyə ilə enerji və müdafiə sahələrində, Səudiyyə Ərəbistanı ilə enerji diplomatiyası çərçivəsində, Pakistanla isə müxtəlif istiqamətlərdə münasibətlər qurub. Ona görə də, yeni üçtərəfli formatın Rusiyanın Yaxın Şərq və Cənubi Asiyadakı siyasi-diplomatik manevr imkanlarına necə təsir göstərəcəyi ayrıca əhəmiyyət daşıyır.
Ancaq bununla belə, “Məkkə sazişi”ni artıq formalaşmış hərbi alyans kimi təqdim etmək də hələ çox tezdir. Çünki bu sazişin real çəkisi gələcəkdə yaradılacaq strukturlaşma mexanizmlərindən və iştirakçıların böhran zamanı bir-birinə hansı səviyyədə hərbi dəstək göstərəcıyindən birbaşa asılı olacaq. Yəni, əgər, bu üç ölkə birgə hərbi təlimləri, kəşfiyyat məlumatlarının mübadiləsini, müdafiə sənayesi layihələrini, silah sistemlərinin inteqrasiyasını və operativ qərarların koordinasiyasını genişləndirərsə, onda “Məkkə sazişi” tədricən real regional təhlükəsizlik blokuna çevrilə bilər.
Göründüyü kimi, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan təhlükəsizlik məsələlərində daha sıx koordinasiya üçün yeni hərbi-strateji platforma yaradırlar. Bu prosesin davam etməsi Yaxın Şərqdən Cənubi Asiyaya qədər uzanan coğrafiyada mövcud güc balansına təsir göstərə bilər. Bunun isə öz növbəsində İslam dünyasında yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təkan verə biləcəyi qətiyyən istisna deyil. Ona görə də, “Məkkə sazişi”nin əsl geopolitik əhəmiyyəti onun yaxın gələcəkdə necə bir hərbi-siyasi mexanizmə çevriləcəyindən birbaşa asılı olacaq.
