8 milyardı payladı, özü kirayə evdə yaşadı – dünyanın ən qəribə milyarderinin hekayəsi

Dünya milyarderlərinin böyük əksəriyyəti sərvətlərini nümayiş etdirməyi sevir. Kiminin 200 metrlik yaxtası var, kiminin şəxsi adası, kiminin də kosmosa uçan raketi. Müasir kapitalizm zənginliyi artıq sadəcə pul yox, tamaşa predmetinə çevirib. Ancaq bir milyarder vardı ki, dünyanın bütün bu parıltılı zənginlər klubuna sanki istehza ilə baxırdı. O, milyardlarla dolların sahibi idi, amma kirayə mənzildə yaşayırdı. Sənədlərini bahalı portfeldə yox, adi market paketində gəzdirirdi. 15 dollarlıq “Casio” saatı taxırdı. Ekonom sinifdə uçurdu. Həyatının sonunda 8 milyard dollarını paylayıb özünə cəmi 2 milyon saxlamışdı.

Referans MEDİA xəbər verir ki, bu adamın adı Çak Fini idi.

Bugünkü dünyanın “sərvət allahları” fonunda onun həyatı demək olar ki, başqa planetdən gəlmiş hekayəyə bənzəyir. Amerikalı iş adamı Çak Fini 1960-cı illərdə “Duty Free Shoppers” şirkətini quraraq qlobal ticarət imperiyası yaratdı. Hava limanlarında yerləşən “duty free” mağazaları onu qısa müddətdə dünyanın ən varlı adamlarından birinə çevirdi. 1980-ci illərdə onun sərvəti milyardlarla dollarla ölçülürdü. Belə adamların həyatı adətən bir-birinə bənzəyir: okean sahilində villa, şəxsi təyyarə, bahalı kolleksiyalar, mühafizə ordusu və milyonlarla dollarlıq dəbdəbə…

Amma Çak Fini tamam başqa insan idi.

milyarder.jpg (67 KB)


Dostları onun bu qədər sadə yaşamasını anlaya bilmirdi. Bəzi biznes tərəfdaşları isə açıq şəkildə onu qəribə hesab edirdi. Çünki milyarder kimi yox, adi orta statistik vətəndaş kimi yaşayırdı. Ancaq sonradan məlum oldu ki, o, sadəcə fərqli düşünürdü. 1982-ci ildə Çak Fini gizli şəkildə “Atlantic Philanthropies” fondunu yaratdı. İki il sonra isə milyarderlər dünyasında sensasiya sayıla biləcək addım atdı: Şirkətdəki milyardlarla dollar dəyərində olan payını fonda keçirdi. Başqa sözlə, sərvətini ölümündən sonra vəsiyyət etmədi. Sağ ikən verdi. Bu, kapitalizm tarixində demək olar görünməmiş hadisə idi. Çünki ultra-zənginlərin böyük hissəsi pullarını ya ailə imperiyasına çevirir, ya da ölümündən sonra müəyyən fondlara ötürür. Çak Fini isə düşünürdü ki, insanlara pul gələcəkdə yox, indi lazımdır. Sonrakı 40 ildə Çak Fini 8 milyard dollardan çox sərvətini müxtəlif ölkələrdə humanitar layihələrə yönəltdi. Onun maliyyəsi ilə universitetlər quruldu. Minlərlə tələbə təhsil aldı. Xəstəxanalar tikildi. Elmi araşdırmalar maliyyələşdirildi. İnsan hüquqları layihələrinə dəstək verildi. Şimali İrlandiyada sülh prosesinə yardım edildi. Asiya və Afrikada minlərlə insanın həyatını dəyişən sosial proqramlar həyata keçirildi. Ancaq burada ən maraqlı məqam başqa idi.

Çak Fini bütün bunları gizli edirdi. Universitetlər milyonlarla dollar alırdı, amma donorun kim olduğunu bilmirdi. Tikilən binalarda onun adı yox idi. Mətbuatdan qaçırdı. Şöhrət istəmirdi. Müsahibə verməyi sevmirdi. Çünki o düşünürdü ki, yaxşılıq reklam predmetinə çevriləndə mənasını itirir. İnsanların çoxu bir şeyi anlaya bilmirdi: Necə ola bilər ki, milyarder insan bu qədər sadə yaşasın? Axı müasir dünya insanlara tam başqa şey öyrədib: Daha çox qazan. Daha çox göstər. Daha çox nümayiş etdir. Daha çox topla. Çak Fini isə sərvəti nümayiş vasitəsi yox, məsuliyyət hesab edirdi. O deyirdi: “Pulun varsa, insanlara kömək etməlisən”.

Bu gün milyarderlərin çoxu Marsa uçmaq yarışına girib. Bəziləri sərvəti artıq siyasi gücə, qlobal təsir alətinə və şəxsi kult layihəsinə çevirib. Çak Fini isə səssiz şəkildə insan həyatı xilas edirdi. Onun həyat fəlsəfəsi sonradan dünyanın ən məşhur milyarderlərinə də təsir göstərdi. Bill Qeyts və Uorren Baffet onun ideyalarından təsirlənərək “Giving Pledge” təşəbbüsünü yaratdılar. Bu təşəbbüs milyarderlərin sərvətlərinin böyük hissəsini xeyriyyəyə verməsini nəzərdə tutur. Bu gün yüzlərlə ultra-zəngin həmin təşəbbüsə qoşulub. Amma həmin ideyanın təməlində bir adam dayanırdı: Kirayə evdə yaşayan milyarder. 2020-ci ildə Çak Fininin yaratdığı “Atlantic Philanthropies” fondu fəaliyyətini dayandırdı. Səbəb çox sadə idi: Fondda pul qalmamışdı. Hamısı xərclənmişdi. Missiya tamamlanmışdı.

Çak Fini həyat yoldaşı ilə birlikdə sakit pensiya həyatı yaşamaq üçün özünə cəmi 2 milyon dollar saxlamışdı. 2023-cü ildə, 92 yaşında vəfat edən milyarder arxasında nə göydələn qoydu, nə şəxsi imperiya, nə də adını daşıyan dəbdəbəli layihələr. Amma onun pulları ilə təhsil alan insanlar yaşayır. Onun tikdirdiyi xəstəxanalarda insanlar sağalır. Onun maliyyələşdirdiyi proqramlar hələ də həyat dəyişir. Bəlkə də həqiqi sərvət elə budur. Bank hesabında yığılan rəqəmlər yox, səndən sonra yaşayan yaxşılıqlar. Çak Fini milyarder idi. Amma görünür, onu dünyanın ən varlı adamına çevirən payladığı pullar oldu./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki