ABŞ-ın Nyu Meksiko ştatında baş verən müəmmalı hadisə ölkədə böyük təşvişə səbəb olub. Mountaineir qəsəbəsində bir evdə aşkarlanan naməlum maddə faciə ilə nəticələnib. Hadisə zamanı 3 nəfər ölüb, əraziyə müdaxilə edən 18 xilasedici və tibb işçisi isə xəstəxanaya yerləşdirilib.
Referans Media xəbər verir ki, ilkin məlumata görə, polis və təcili yardım briqadaları evə həddindən artıq dozada narkotik istifadəsi şübhəsi ilə çağırılıb. Hadisə yerinə daxil olan əməkdaşlar evdə huşsuz vəziyyətdə 4 nəfər aşkar ediblər. Aparılan yoxlama zamanı onlardan 3-nün həyatını itirdiyi müəyyənləşib.
Hadisə zamanı naməlum maddə ilə təmasda olan 18 ilk yardım əməkdaşı da zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. Rəsmilər iki nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Zərərçəkənlər karantinə alınaraq nəzarətə götürülüb.
Polis bildirib ki, maddənin hava yolu ilə yayılmadığı, yalnız təmas nəticəsində təsir göstərdiyi ehtimal edilir. Buna görə də hazırda əhali üçün ciddi təhlükə olmadığı vurğulanıb. Hadisə yerinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Mountaineir bələdiyyə başçısı Peter Nieto açıqlamasında ilkin ehtimalların narkotik maddə ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, bəzi tibb işçiləri artıq evə buraxılsa da, tam sağalmayıblar.
Baş verən hadisədən sonra ABŞ-da sintetik narkotiklər və təhlükəli kimyəvi maddələrin yayılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
