ABŞ-də son günlər aviasiya, bankçılıq, texnologiya və dövlət qurumlarını əhatə edən texniki nasazlıqlar ciddi böhrana səbəb olub. Minlərlə uçuşun ləğv edilməsi, hava limanlarında sərnişinlərin qalması, bank və rəqəmsal xidmətlərdə yaranan problemlər Vaşinqtonda müzakirələri artırıb. Konqres hadisələrin səbəblərinin araşdırılması üçün hərəkətə keçib. Rəsmilər isə koordinasiyalı kiberhücuma dair sübut olmadığını bildirirlər.
Referans Media xəbər verir ki, böhran noyabrın 12-də “Microsoft 365” xidmətlərində yaranan kəsinti ilə başlayıb. Təxminən 24 saat davam edən nasazlıq “Outlook” və “Exchange Online” başda olmaqla korporativ kommunikasiya xidmətlərinə təsir göstərib. Noyabrın 13-də isə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) hava hərəkətinə nəzarət sistemlərində rabitə və radar problemləri yaranıb. Nəticədə uçuşlar təxminən 4 saat 45 dəqiqə dayandırılıb, 12 462 reys ləğv edilib, havada olan təxminən 3 500 təyyarə eniş edib.
Minlərlə uçuş ləğv edildi, sərnişinlər hava limanlarında qaldı
Uçuşların dayandırılması Nyu-York, Los-Anceles, Çikaqo, Dallas və Vaşinqtonun hava limanlarında böyük sıxlığa səbəb olub. Sərnişinlər uçuşlarının nə vaxt həyata keçiriləcəyini öyrənmək üçün uzun növbələrdə gözləyib, çoxları gecəni hava limanlarında keçirmək məcburiyyətində qalıb. İlkin məlumatlara görə, 1,5 milyondan çox sərnişin səyahətində problemlərlə üzləşib. Uçuşların dayandırılması ABŞ-la yanaşı, Kanada, Meksika və Avropa istiqamətlərində də aviasiya əlaqələrinə təsir göstərib. “Flightradar24” məlumatlarına görə, normal şəraitdə ABŞ istiqamətində eyni saatlarda havada 3 600-dən çox təyyarə olduğu halda, böhran zamanı bu rəqəm 336-ya qədər azalıb.
Nasazlığın səbəbi məlum oldu
FAA-nın texniki araşdırması böhranın hava hərəkətinə nəzarət mərkəzlərini birləşdirən köhnə rabitə infrastrukturundakı qeyri-sabitlik və şəbəkəyə həddindən artıq bağlantı yükü ilə əlaqəli olduğunu müəyyən edib. Məlumata görə, sistemin bəzi hissələrinə hər 4-5 saniyədə təxminən 1 000 bağlantı cəhdi daxil olub. Teksasın Amarillo şəhərindəki radar obyekti və Arkanzas ştatının El Dorado kommunikasiya mərkəzi problemin mümkün mənbələri kimi göstərilib. Nasazlığın aradan qaldırılması üçün şəbəkənin bəzi bağlantıları deaktiv edilib, 60-dan çox marşrutlaşdırıcıda müəyyən funksiyalar müvəqqəti dayandırılıb.
Yeni nasazlıqlar banklara və texnologiya şirkətlərinə də təsir etdi
Aviasiya böhranı tam aradan qalxmamış noyabrın 16-da “United Airlines” şirkətinin sistemlərində ayrıca texniki problem yaranıb. Pilotların uçuş planlaşdırma proqramlarına və təyyarələrin son çəki məlumatlarına çıxışında yaşanan çətinliklər bəzi reyslərin gecikməsinə səbəb olub. Həmin gün ABŞ-ın ən böyük banklarından biri olan “JPMorgan Chase”in sistemlərində də nasazlıqlar qeydə alınıb. Müştərilər ödəniş və bank əməliyyatlarında gecikmələrlə üzləşiblər. Bundan başqa, “Workday”, “Amazon Web Services” və “Apple” xidmətlərində də müxtəlif tarixlərdə texniki problemlər yaşanıb. “Apple”ın "App Store", "Apple Music", "AppleCare" və bəzi "iCloud" xidmətlərində noyabrın 17-də giriş çətinlikləri yaranıb.
ABŞ-ın kəşfiyyat sistemi də nasazlıqdan təsirləndi
Böhranın diqqətçəkən hadisələrindən biri ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili kommunikasiya şəbəkəsində yaşanan texniki problem olub. Rəsmilər nasazlığın texniki xidmət və sistemdə aparılan dəyişikliklərlə əlaqəli ola biləcəyini bildiriblər. Xarici müdaxilə və ya kiberhücuma dair sübut aşkarlanmadığı qeyd edilsə də, hadisə Konqresdə əlavə suallar doğurub.
Konqresdə araşdırma başladı
Noyabrın 18-də ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində məsələ ilə bağlı dinləmə keçirilib. Daxili Təhlükəsizlik naziri Markveyn Mallin, Milli Kəşfiyyat direktoru Cey Kleyton və FBI rəhbərinin müavini Kristofer Raya deputatların suallarını cavablandırıblar. Markveyn Mallin hadisələrin xarici ölkələrin həyata keçirdiyi kiberhücumlarla əlaqəli olmadığına 98 faiz əmin olduğunu bildirib. Bununla belə, bu qədər qısa müddətdə belə genişmiqyaslı texniki nasazlıqlarla əvvəllər qarşılaşmadığını da etiraf edib. FBI rəsmisi də araşdırılan hadisələrdə kiberhücuma işarə edən sübutların olmadığını açıqlayıb.
Süni intellekt və köhnəlmiş infrastruktur müzakirə olunur
ABŞ-də baş verənlər fonunda süni intellektin kibertəhlükəsizlik sahəsinə təsiri də müzakirə olunmağa başlayıb. Ekspertlər süni intellekt vasitələrinin proqram təminatındakı boşluqları daha sürətlə aşkarlamasının şirkətləri tez-tez yeniləmələr aparmağa sövq etdiyini, lakin bu yeniləmələrin bəzən yeni texniki problemlər yarada biləcəyini vurğulayırlar. Böhranın əsas müzakirə mövzularından biri isə ABŞ-ın kritik infrastrukturlarında köhnəlmiş texnologiyaların hələ də istifadə olunmasıdır. Hava hərəkətinə nəzarət sistemlərinin modernləşdirilməsi, dövlət qurumlarının texniki hazırlığı və özəl texnologiya şirkətlərindən asılılıq Konqresdə gündəmə gətirilib.
ABŞ-də son günlər baş verən ardıcıl nasazlıqlar ölkənin rəqəmsal infrastrukturu ilə bağlı ciddi suallar yaradıb. Rəsmi şəxslər hadisələrin koordinasiyalı kiberhücum nəticəsində baş verdiyini təsdiqləməsələr də, sistemlərin yenilənməsi və kritik xidmətlərin dayanıqlığının artırılması tələbləri güclənir.
