Fransada Ebola virusuna yoluxma halının aşkarlandığı bildirilib.
Fransa Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusu aşkarlanıb.
Açıqlamada qeyd olunub ki, bu, son dövrdə Fransa ərazisində qeydə alınan ilk Ebola halıdır. Bildirilib ki, ölkənin Baş naziri Sebastyan Lekornu vəziyyəti yaxından izləyir.
Konqoda Ebola epidemiyası
Xatırladaq ki, Konqo Demokratik Respublikasının İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm halının qeydə alınmasından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə mayın 17-də yenidən yayılan Ebola səbəbindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiya Ebola virusunun nadir növlərindən biri olan "Bundibuqyo" variantından qaynaqlanır və bu virusa qarşı təsdiqlənmiş peyvənd və ya müalicə üsulu mövcud deyil.
