Ümumdünya Səhiyyə Təşkilatı Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Avropada temperatur qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətlə artır və qitədə müşahidə olunan isti hava dalğası insanların sağlamlığını risk altına qoyur.
Qebreyesus Avropada təsirini göstərən isti hava dalğası ilə bağlı X sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, “Avropadakı isti hava dalğası məktəblərin bağlanmasına və insanların sağlamlığının risk altına düşməsinə səbəb olur”.
ÜST rəhbəri qeyd edib ki, Avropa üzrə temperaturun qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətlə artdığını göstərən məlumatlar mövcuddur.
Qebreyesus vurğulayıb ki, bu tendensiya gələcəkdə ekstremal istilərin başvermə ehtimalını və şiddətini daha da artırır.
O, tədbirlərin görülməsinin daha artıq gecikdirilməsinə imkan olmadığını bildirərək əlavə edib:
“Liderlər iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemlərinə investisiyaların artırılmasına üstünlük verməli, eyni zamanda iqlim fəaliyyəti tədbirlərini sürətləndirməli və iqlim böhranının səbəblərinin aradan qaldırılması istiqamətində addımlar atmalıdırlar”.
