Almaniyada fəaliyyət göstərən İslam və Müsəlman Düşmənçiliyinə Qarşı Alyansın (CLAIM) hazırladığı hesabata görə, 2025-ci ildə ölkədə müsəlmanlara qarşı 4 096 hadisə qeydə alınıb.
Hesabatda bildirilir ki, bu, hər gün orta hesabla 11 antiislam hadisəsinin baş verməsi deməkdir. Qeydə alınan hallara ayrı-seçkilik, təhqir, təhdid, əmlaka ziyan vurulması və fiziki zorakılıq daxildir.
Məlumata görə, 2024-cü ildə bu göstərici 3 080 olub. Hadisələrin 61,1 faizi şifahi hücumlar, 21,5 faizi ayrı-seçkilik, 17,4 faizi isə fiziki xəsarət, əmlaka ziyan vurma və digər zorakılıq halları ilə bağlıdır.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə antiislam xarakterli hadisələr nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər ağır yaralanıb, 5 yerdə isə qəsdən yanğın törədilib. Bundan əlavə, məscidlərə qarşı 61 hücum qeydə alınıb.
CLAIM təşkilatının rəhbəri Rima Hanano bildirib ki, real rəqəmlər daha yüksək ola bilər, çünki bir çox zərərçəkən hadisələri bildirməkdən çəkinir.
Onun sözlərinə görə, antiislam əhval-ruhiyyəsi getdikcə daha aqressiv xarakter alır və müsəlmanlar yalnız dini mənsubiyyətlərinə görə təhqir, ayrı-seçkilik və zorakılığa məruz qalırlar.
