Acı xəbər gəldi: Məşhur xəbər aparıcısı dünyasını dəyişdi

Türkiyə media cameəsini kədərləndirən xəbər yayılıb. Uzun illər televiziya ekranlarında xəbər aparıcısı, şərhçi və proqram müəllifi kimi fəaliyyət göstərən tanınmış jurnalist Reha Muhtar 66 yaşında vəfat edib.

Referans Media xəbər verir ki, bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alan Reha Muhtar Bodrumda yerləşən özəl xəstəxanada həyatını itirib. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoymuş, vəziyyəti ağırlaşdıqdan sonra reanimasiya şöbəsində müalicəsi davam etdirilmişdi.

Bütün tibbi müdaxilələrə baxmayaraq, tanınmış jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Reha Muhtar Türkiyə televiziya jurnalistikasının ən tanınmış simalarından biri hesab olunurdu. O, uzun illər müxtəlif televiziya kanallarında xəbər aparıcısı, proqram rəhbəri və köşə yazarı kimi fəaliyyət göstərib. Xüsusilə 1990-cı və 2000-ci illərdə təqdim etdiyi xəbər proqramları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı.

1959-cu ildə İstanbulda anadan olan Reha Muhtar ali təhsilini Ankara Universiteti nəzdində başa vurub. Peşəkar fəaliyyətinə 1980-ci illərdə başlayan jurnalist sonrakı illərdə Türkiyənin aparıcı media qurumlarında çalışaraq ölkənin ən tanınmış televiziya simalarından birinə çevrilib.

Reha Muhtarın vəfatı media ictimaiyyəti, həmkarları və çoxsaylı izləyiciləri tərəfindən dərin kədərlə qarşılanıb. Onun adı Türkiyə televiziya jurnalistikasının yadda qalan simalarından biri kimi xatırlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki