Türkiyənin Ərzurum şəhərində baş verən faciəli hadisə nəticəsində 23 yaşlı gənc həyatını itirib.
Referans Media xəbər verir ki, NTV-nin məlumatına görə, hadisə şəhərin Kevelciler küçəsində yerləşən gəlinlik mağazasında baş verib.
Mağazanın sahibi, 43 yaşlı Hakkıhan G. qonşu obyektin sahibi Emirhan Kabanlı ilə söhbət edərkən əlindəki tüfəngi ona tuşlayıb. O, silahın boş olduğunu desə də, tətiyi çəkdikdə tüfəng açılıb.
Qarnından güllə yarası alan 23 yaşlı Emirhan Kabanlı yerə yıxılıb. Ətrafdakı şəxslər və şübhəli ona ilkin yardım göstərərək gənci şəxsi avtomobillə Ərzurum Şəhər Xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə mağazanın təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə şübhəlinin tüfəngi gəncə tuşlaması və atəş açıldıqdan sonra onun yerə yıxılması əks olunub.
Polis hadisədə istifadə edilən tüfəngi götürərək Hakkıhan G.-ni saxlayıb. O, tibbi müayinədən keçirildikdən sonra ifadəsinin alınması üçün Ərzurum Polis İdarəsinə aparılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
