Afina təşvişə düşdü: Türk F-16-ları havaya qalxdı, Yunanıstan qırıcıları hərəkətə keçdi

Egey dənizində Türkiyəyə məxsus F-16 qırıcıları və pilotsuz uçuş aparatlarının fəaliyyəti Yunanıstanda hərbi fəallığa səbəb olub. Yunanıstanın Türkiyə təyyarələrini qarşılamaq üçün qırıcılarını havaya qaldırdığı, tərəflərin Midilli və Saqqız adaları arasında qarşı-qarşıya gəldiyi iddia edilir.

Yunanıstan mətbuatının məlumatına görə, noyabrın 17-də Egey dənizinin şimal-şərq, mərkəzi və cənub-şərq hissələrində Türkiyəyə məxsus 4 F-16 qırıcısı və 5 pilotsuz uçuş aparatı fəaliyyət göstərib. Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən yayılan xəbərlərdə Türkiyə təyyarələrinin qarşısını almaq üçün havaya qalxan Yunanıstan F-16-larının Midilli və Sakız adaları arasında Türkiyə qırıcıları ilə qarşılaşdığı bildirilir.

Yunanıstan Baş Qərargahı Türkiyəyə məxsus hava vasitələrinin 9 dəfə hava hərəkəti qaydalarını, 10 dəfə isə Yunanıstanın hava məkanını pozduğunu iddia edib. Egey dənizində hava məkanı ilə bağlı uzun illərdir davam edən mübahisə bu hadisədən sonra yenidən gündəmə gəlib. Türkiyə Yunanıstanın ərazi sularının 6 dəniz mili olduğu halda hava məkanını 10 dəniz milinə qədər genişləndirməsini qəbul etmir. Ankara 6–10 mil arasındakı zonanı beynəlxalq hava məkanı hesab edir.

Referans Media Yunanıstan mediasına istinadən xəbər verir ki, “BATU61” çağırış işarəli Türkiyəyə məxsus “Bayraktar” İHA-sı səhər saatlarında ölkənin cənub-qərbindən havaya qalxaraq Egey dənizinin şimalına doğru hərəkət edib. Türkiyə İHA-larının uzun müddət havada qalaraq geniş ərazilərdə kəşfiyyat və müşahidə aparmaq imkanları Yunanıstanın müdafiə dairələrinin diqqətini çəkib.

Türkiyə ilə Yunanıstan arasında digər mübahisəli məsələlərdən biri də Uçuş İnformasiya Bölgəsi (FIR) ilə bağlıdır. Ankara FIR məsuliyyətinin Yunanıstana həmin ərazilər üzərində suverenlik hüququ vermədiyini və beynəlxalq hava məkanında uçan Türkiyə hərbi təyyarələrinin Afina tərəfinə uçuş planı təqdim etmək öhdəliyinin olmadığını bildirir. Yunanıstan isə bu uçuşları hava hərəkəti qaydalarının pozulması kimi qeydə alır.

Yunanıstanın “Topontiki” qəzeti daha əvvəl yayımladığı təhlildə Türkiyənin Egey dənizində İHA fəaliyyətinin Yunanıstanın hava müdafiə sisteminə əlavə yük yaratdığını iddia edib. Nəşrin qiymətləndirməsinə görə, uzunmüddətli müşahidə uçuşları Yunanıstan qırıcılarının davamlı olaraq havaya qalxmasına səbəb olmaqla həm əməliyyat, həm də iqtisadi baxımdan təzyiq yarada bilər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki