Almaniyada səhiyyə sektorunda genişmiqyaslı hesablaşma fırıldaqçılığı ilə bağlı istintaq çərçivəsində 39 yaşlı türk qadın Zeynəb C. və onun 44 yaşlı əri həbs edilib.
Referans Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, Vuppertal Dövlət Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq Şimali Reyn-Vestfaliya və Hessen əyalətlərində 31 yaşayış yeri və müəssisədə axtarışların keçirilməsi ilə nəticələnib.
İstintaqın mərkəzində reanimasiya xəstələrinə evdə qulluq xidmətləri göstərdiyi bildirilən bir təşkilat dayanır. Prokurorluq bəzi xəstələrə lazımi ixtisasa malik olmayan şəxslər tərəfindən xidmət göstərildiyindən və tibbi sığorta şirkətlərinə göstərilməyən və ya tələb olunan şərtlərə cavab verməyən xidmətlər üzrə saxta hesab-fakturalar təqdim edildiyindən şübhələnir.
Alman mediasının məlumatına görə, Zeynəb C. və əri istintaqın əsas şübhəliləri arasındadır. Cütlüyün təxminən 11 milyon avro məbləğində şübhəli hesablaşmalarla bağlı araşdırma çərçivəsində həbs edildiyi bildirilir.
Əməliyyat zamanı ümumilikdə 5,9 milyon avro dəyərində aktivlər müsadirə olunub.
Müsadirə edilənlər arasında Maybach, Mercedes-AMG və Lamborghini markalı lüks avtomobillər, həmçinin böyük məbləğdə nağd pul, qızıl, zərgərlik əşyaları, lüks çantalar və bahalı saatlar olub.

Məlumata görə:
51 min avro nağd pul;
10 min avro dəyərində qızıl;
265 min avro dəyərində zərgərlik;
16 min avro dəyərində lüks çantalar;
140 min avro dəyərində saatlar müsadirə edilib.
Bundan əlavə, şübhəlilərin daşınmaz əmlakına ümumilikdə 3,3 milyon avro məbləğində girov qoyulub.
İstintaq çərçivəsində əsas şübhəlilərin Mettmanndakı ünvanında aparılan axtarış zamanı odlu silah və sursat da aşkarlanıb.
Polisin məlumatına əsasən, həmin ünvanda, həmçinin kannabis və anabolik steroidlər tapılıb.
Axtarışlar zamanı istintaq üçün əhəmiyyətli olduğu bildirilən çoxsaylı rəqəmsal və fiziki sübutlar da müsadirə edilib.
Araşdırma davam etdirilir.
