Almaniyanın “yeni Hitleri” - Alisa Vaydel

Almaniyada 1945-ci ildən sonra ilk dəfə ifrat sağçı qüvvələr iqtidara gəlmək şansı əldə edib. Bu yüksəlişin önündə isə “Almaniya üçün Alternativ” (AfD) Partiyası və onun həmsədri Alis Vaydel dayanır.

Referans Media Almaniyanın “yeni Hitleri” adını alan Vayden və partiyası barədə əsas detalları təqdim edir.

AfD 2013-cü ildə yaradılıb. Əvvəlcə əsasən Avropa İttifaqına müxalif və iqtisadi dəstək yönümlü siyasi xəttlə çıxış edən partiya sonrakı illərdə miqrasiya, milli kimlik, İslam və Avropa İttifaqına münasibətdə daha sərt mövqe tutaraq Almaniyanın ən sağçı siyasi qüvvəsinə çevrilib.

Partiyanın yüksəlişi xüsusilə son seçkilərdə açıq şəkildə hiss olunub. 2025-ci il Bundestaq seçkilərində AfD səslərin 20,8 faizini toplayaraq tarixində ilk dəfə parlamentdə ikinci ən böyük siyasi qüvvəyə çevrilib.  Lakin 2026-cı ildə partiyanın yüksəlişi daha da sürətlənib. Sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə AfD 44,5 faiz səs toplayaraq tarixi qələbə qazanıb. Partiyanın nəticəsi 2021-ci illə müqayisədə iki dəfədən çox artıb.

Bu nəticələr Alis Vaydelin siyasi portretini də Almaniyanın gündəminin mərkəzinə çıxarıb.

Kimdir Alis Vaydel?

1979-cu ildə Qütterslod şəhərində doğulan Vaydel ənənəvi millətçi stereotipinə tam uyğun gəlmir. O, iqtisad üzrə doktorluq dərəcəsi var, vaxtilə “Goldman Sachs”da çalışıb, daha sonra Çində Bank of Chinada işləyib və Çin pensiya sistemi üzrə doktorluq dissertasiyası müdafiə edib. Vaydel Çin dilini də bilir.

2013-cü ildə siyasətə qoşularkən onu AfD-yə cəlb edən əsas məsələlərdən biri avroya qarşı mövqeyi olub. Lakin partiya sonradan miqrasiya və milli kimlik məsələlərində daha sərt xəttə keçib və Vaydel də bu siyasi transformasiyanın əsas simalarından birinə çevrilib. Onun siyasi obrazındakı ən böyük ziddiyyətlərdən biri isə şəxsi həyatı ilə təmsil etdiyi partiyanın ideologiyası arasındadır.

Vaydel açıq homoseksualdır və uzun illərdir şri-lankalı rejissor Sara Bossard ilə münasibətdədir. Onların övladlığa götürdükləri iki uşaqları var. Bununla belə, Vaydel və partiyadaşları ənənəvi ailə modelini müdafiə edir, eynicinsli nikahlara və məktəblərdə “gender ideologiyası” adlandırdığı yanaşmalara qarşı çıxır.

Bu paradoks Vaydelin siyasi üslubunu daha da maraqlı edir: o, şəxsi həyatında Almaniyanın ultramühafizəkar seçicilərinin təsəvvür etdiyi klassik sağçı profilə uyğun gəlməsə də, həmin seçicilərin dəstəyini qazanmağı bacarıb. Vaydelin tənqidçiləri onu siyasi düşüncələrini dəyişkən və “buqələmun” adlandırırlar. Onun keçmiş iş yoldaşlarından biri, Goldman Sachs-da birlikdə çalışdığı amerikalı bankir Cim Dilvort Vaydelin həmin dövrdə radikal sağçı mövqeləri ilə seçilmədiyini bildirib.

Dilvortun sözlərinə görə, Vaydelin o vaxtkı ən “radikal” mövqeyi avroya skeptik münasibəti olub. Onun iddiasına görə, Vaydel AfD-ni siyasi karyera baxımından daha sürətli yüksəliş imkanı kimi görüb. Vaydel isə bu iddianı qəti şəkildə rədd edir.

Onun siyasi karyerasında diqqət çəkən əsas xüsusiyyət məhz budur: Vaydel radikal sağın içində daha “mərkəzçi” və intellektual görüntü yarada bilir. O bir tərəfdən parlamentdə sakit, iqtisadçı və rasional siyasətçi təsiri bağışlayır, digər tərəfdən mitinqlərdə AfD-nin sərt miqrasiya siyasətini müdafiə edir.

Partiya kütləvi miqrant deportasiyasını, “yaşıl enerji” kursundan geri çəkilməyi, Ukraynaya silah tədarükünün dayandırılmasını, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını və ucuz Rusiya qazının yenidən alınmasını müdafiə edir.

Vaydel öz partiyasını “mühafizəkar-libertarian” qüvvə kimi təqdim edir və AfD-yə “ultrasağçı” damğasının əsasən media tərəfindən vurulduğunu bildirir. Lakin partiyanın bəzi regional qanadlarının daha radikal mövqeləri onun siyasi obrazından ayrı deyil.

Məsələn, AfD-nin Türingiyadakı radikal qanadının lideri Byörn Höke nasist dövrünün qadağan olunmuş şüarından istifadə ilə bağlı məhkəmə proseslərinə cəlb olunub. Vaydel əvvəlcə onun partiyadan çıxarılmasına çalışsa da, sonradan Höke ilə münasibətlərini bərpa edib.

Vaydelin siyasi çəkisi sentyabrın 9-da Bundestaqda keçirilən debat zamanı bir daha ortaya çıxıb. AfD-nin lideri kansler Fridrix Mertsi hökumətin siyasətini sərt şəkildə tənqid edib və Saksoniya-Anhaltdakı seçkinin nəticələrinin hökumət üçün ciddi mesaj olduğunu bildirib. Merz isə AfD-ni “dağıdıcı qüvvə” adlandıraraq partiyanın mövqelərinə sərt cavab verib. Debat zamanı parlamentdə gərginlik, etirazlar və qarşılıqlı ittihamlar yaşanıb.

Bu qarşıdurmanın arxasında sadəcə iki siyasətçinin şəxsi mübahisəsi dayanmır. Söhbət Almaniyanın gələcək siyasi istiqamətindən gedir. Çünki Merzin rəhbərlik etdiyi Xristian-Demokrat Birliyi AfD ilə əməkdaşlıq etməmək siyasətini qorumağa çalışarkən, AfD artıq ölkənin ən böyük müxalifət qüvvəsinə çevrilib və bəzi əyalətlərdə birinci siyasi qüvvədir.

Vaydelə mediada “Almaniyanın yeni Hitleri” adlandırırlar. Lakin bu ifadənin ortaya çıxmasının səbəbi də aydındır: Almaniyada nasizm tarixindən sonra ifrat sağın yenidən bu qədər böyük siyasi gücə çevrilməsi ciddi narahatlıq doğurur. AfD-nin miqrasiya əleyhinə sərt ritorikası, milli kimlik məsələlərini ön plana çıxarması, radikal qanadlarla münasibətləri və bəzi üzvlərinin ifrat sağçı mövqeləri bu narahatlığı daha da artırır.

Vaydel isə həmin prosesin ən fərqli simasıdır. O, klassik radikal sağçı siyasətçiyə bənzəmir. Məhz bu səbəbdən onun daha geniş seçici kütləsinə çıxışı mümkündür. Politoloqların qiymətləndirmələrində də Vaydelin AfD-nin ənənəvi seçicilərindən kənara çıxaraq orta təbəqədən olan seçiciləri cəlb edə bildiyi vurğulanır.

Almaniyada yaşayan azərbaycanlılar üçün Vaydel və AfD-nin yüksəlişi avtomatik olaraq “təhlükə yaranıb” demək deyil. Lakin Avropada ultrasağçı və anti-miqrant siyasi qüvvələrin güclənməsi miqrant icmaları üçün yeni risklər yarada bilər.

Xüsusilə miqrasiya siyasətinin sərtləşdirilməsi, deportasiyaların genişləndirilməsi, xaricdən gələnlərə qarşı ictimai ritorikanın güclənməsi və milli mənsubiyyət üzərindən siyasi kampaniyaların aparılması Almaniyada yaşayan xarici vətəndaşlara münasibətə təsir göstərə bilər.

Bu baxımdan Almaniyada yaşayan Azərbaycan vətəndaşları da prosesləri diqqətlə izləməlidir. Söhbət təkcə Almaniyada daimi yaşayan azərbaycanlılardan getmir. Təhsil, iş, biznes və digər məqsədlərlə ölkədə olan Azərbaycan vətəndaşları da Avropada miqrasiya siyasətinin sərtləşməsi fonunda dəyişən siyasi atmosferdən təsirlənə bilərlər.

Burada başqa bir məqam da diqqət çəkir: Avropanın müxtəlif ölkələrində son illərdə ultrasağçı partiyaların seçkilərdə uğur qazanması artıq ayrı-ayrı ölkələrin daxili problemi deyil. Almaniyada AfD-nin yüksəlişi də bu ümumi tendensiyanın ən mühüm nümunələrindən biridir.

Vaydelin siyasi uğuru göstərir ki, ultrasağçı ideyaların cəmiyyətin müəyyən hissəsində daha geniş qəbul edilməsi üçün artıq küçədəki klassik radikal obraz kifayət etmir. Bu ideyalar indi iqtisadçı, parlamentari, sosial media ulduzu və “sistemə alternativ” təqdimatı ilə də seçiciyə çatdırılır.

Məhz buna görə Alis Vaydelin yüksəlişi təkcə Almaniyanın daxili siyasətində baş verən hadisə deyil. Bu, Avropada sağ populizmin hansı istiqamətdə inkişaf etdiyini göstərən mühüm siyasi siqnaldır./Modern.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki