Misli Premyer Liqasında 5-ci tur davam edir.
Referans Media Fanat.az-a istinadən xəbər verir ki, tur çərçivəsində bu gün daha 2 oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" ilə "Turan Tovuz" münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Şamaxıda baş tutacaq. Cavid Hüseynovun baş məşqçisi olduğu Muxtar Respublika komandası ilk qələbəyə köklənibsə, mövsümə inamlı başlamayan qərb təmsilçisi liderlərdən aralı düşməməyə çalışır.
Günün, ümumilikdə isə turun mərkəzi oyununda "Zirə" "Qarabağ"ı qonaq edəcək. Növbəti Rəşad Sadıqov - Qurban Qurbanov dueli ərəfəsində hər iki komandanın 9 xalı var və 3-4-cü yerləri bölüşürlər. Bir oyun az keçirən "köhlənlər" yoluna itkisiz davam etmək istəyirsə, "qartallar" liderlər mövqeyində qalmağa can atır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni 3:2, "Kəpəz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib, "Sumqayıt" - "Şamaxı" matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək "Şəfa" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq.
Misli Premyer Liqası
5-ci tur
13 sentyabr
16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu.
19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
