Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva, Vaşinqton və Kiyev (və ya digər müvafiq tərəflər) arasında üçtərəfli görüşün yaxın gələcəkdə baş tutacağına ümid etdiklərini bildirib.
Referans Media xəbər verir ki, Kreml rəsmisi bu barədə "İzvestiya" nəşrinin icmalçısı İqor Baldinə verdiyi açıqlamada Donald Trampın kürəkəni Cared Kuşnerin son bəyanatlarını şərh edərkən danışıb.
Peskov münaqişənin nizamlanması ilə bağlı masada hələlik yeni layihənin olmadığını etiraf edib: "Hər hansı yeni təkliflərin mövcudluğuna gəlincə, hazırda onlar yoxdur. Lakin məhz yeni variantları və həll yollarını axtarıb tapmaq üçün üçtərəfli görüşlərin keçirilməsinə ehtiyac var".
Kreml nümayəndəsi vurğulayıb ki, tərəflər arasında danışıqlar prosesinin bərpası və diplomatiya masasına qayıdış yaxın perspektivdə reallaşa bilər və Moskva bu istiqamətdə təmasların davam etdirilməsində maraqlıdır./Musavat.com/
