Kabardin-Balkar Respublikasının Bezengi dərəsində aparılan axtarış-xilasetmə əməliyyatı zamanı qar uçqununda həlak olan daha iki alpinistin meyiti tapılıb.
Referans Media Report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional şöbəsinin mətbuat xidməti məlumat yayıb.
Bununla da ölənlərin sayı 16-ya çatıb. Məlumatda bildirilir ki, daha bir alpinistin taleyi hələ də məlum deyil.
Qurum qeyd edib ki, hava şəraitinin pisləşməsi, qar və buz uçqunu təhlükəsi səbəbindən ərazidə axtarış-xilasetmə əməliyyatları dayandırılıb. Axtarışların sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterindən istifadə etməklə davam etdirilməsi planlaşdırılır.
Xatırladaq ki, sentyabrın 6-da Kabardin-Balkarın Bezengi dərəsindəki Mijirqi dağından marşrut üzrə 33 alpinistdən ibarət qrupa uçqun düşüb. Daha əvvəl 14 nəfərin öldüyü bildirilib.
