Anasına əxlaqsız mesajlar yazan qonşusunu öldürdü — Təfərrüat

Bakının Suraxanı rayonunda 16 yaşlı yeniyetmə oğlan 44 yaşlı qonşusunu qətlə yetirməkdə ittiham olunub. Məhkəmə araşdırması zamanı qətlin səbəbi və hadisənin təfərrüatları məlum olub.

Referans Media xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci il oktyabrın 11-də Bakının Əmircan qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Qəhrəman qonşusu Səmədi (adlar şərtidir – red.) bıçaqlayaraq öldürüb.

Qəhrəman barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Qəhrəman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində bildirib ki, anası ilə atası 2019-cu ildə rəsmi qaydada nikahlarını pozublar. Onun sözlərinə görə, atası, babası və digər yaxın qohumlarının hamısı İmişli rayonunda yaşayır.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həbs olunanadək Suraxanı rayonu, Əmircan qəsəbəsində anası və yetkinlik yaşına çatmayan bacısı ilə birlikdə yaşayıb.

"Mən natamam orta təhsil almışam. Daha sonra ailə vəziyyətimin ağır olması, maddi çətinliklər və təhsilə marağımın azalması səbəbindən təhsilimi davam etdirə bilməmişəm. Son illər ərzində ailə şəraitim çətin, yaşayış şəraitim isə zəif olub. Anam ailəni dolandırmaq üçün müxtəlif işlərdə çalışıb. Mən isə çox vaxt evdə olmuşam, bəzən gündəlik ehtiyacların qarşılanmasında köməklik etmişəm.

Qətlə yetirdiyim Səmədi təxminən 2019-cu ildən tanımışam. Onu tanımağımın səbəbi həmin dövrdə eyni küçədə, qonşuluqda kirayədə yaşamağımız olub. O vaxt Səmədi sakit və ciddi xarakterli biri kimi tanımışam, aramızda xüsusi münasibət olmayıb", – deyə Qəhrəman bildirib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra onun anası Səlimə Səmədə məxsus Əmircan qəsəbəsində yerləşən marketdə satıcı kimi işləməyə başlayıb.

"Mən isə anamın işlədiyi marketə tez-tez gedərək ona kömək etmişəm. Bu dövrdən sonra anam ilə Səməd arasında münasibətin fərqli xarakter aldığını hiss etdim. Anamın davranışlarında dəyişikliklər müşahidə etdim. Onun telefonla tez-tez yazışmasını, gülümsəməsini və fikirli olmasını gördüm. Bu münasibətin təkcə işlə bağlı olmadığını anladım.

Bu şübhələr məni uzun müddət narahat etdi. Hər dəfə Səmədi gördükdə anamın ona münasibəti məndə xoşagəlməz hisslər yaratdı. Anamı çox sevdiyimi və bu vəziyyətin ailəmizə ləkə gətirdiyini düşündüm", – deyə o qeyd edib.

Qəhrəman bildirib ki, daha sonra anasının telefonundan istifadə edərkən "WhatsApp" yazışmalarında anası ilə Səməd arasındakı səmimi və şəxsi məzmunlu yazışmaları görüb.

"Anamın telefonundan istifadə edən zaman Səməd ilə anam arasında yazışmalarda əvvəl anamın təhqir edilməsini, daha sonra isə intim xarakterli məzmunların olduğunu müşahidə etdim. Bu, mənə böyük psixoloji zərbə vurdu. Özümü alçaldılmış və təhqir olunmuş kimi hiss etdim. Bunu qəbul edə bilmədim və ailəmin adına ləkə kimi dəyərləndirdim.

Bundan sonra daxilimdə qisas və nifrət hissi formalaşdı. Bu düşüncə məni günlərlə narahat etdi, əsəb və həyəcan içində qalmağıma səbəb oldu. Hadisədən əvvəlki dövrlərdə Səmədin anam ilə bağlı borc məsələsinə görə məni və anamı təhqir etdiyini, nalayiq ifadələr işlətdiyini bildirdi. Bu da məndə uzun müddət toplanan qəzəbin güclənməsinə səbəb oldu", – deyə Qəhrəman ifadəsində göstərib.

Qəhrəmanın sözlərinə görə, hadisə günü səhərdən gərgin və əsəbi vəziyyətdə olub.

"Günorta saatlarında otağımda tək oturdum, uzun müddət düşündüm. İçimdəki vəziyyəti daha saxlaya bilmədiyimi hiss etdim. Gördüklərim beynimdən çıxmadı. Həmin vaxt Səmədlə məsələyə birdəfəlik son qoymaq qərarına gəldim.

Evdən mətbəxdən bıçaq götürərək niyyətimi həyata keçirmək üçün evdən çıxdım və piyada Səmədin yaşadığı küçəyə tərəf yollandım. Küçəyə daxil olanda Səmədin yolda iki nəfərlə bir yerdə dayandığını gördüm.

Səmədi görəndə heç nə düşünmədən onun üstünə qaçdım və cibimdən çıxardığım bıçaqla ona bir neçə dəfə zərbə vurdum. Səməd yerə yıxıldıqdan sonra hadisə yerindən qaçaraq xalamın evinə getdim. Xalam oğluna hadisəni danışdım. O da məni sakitləşdirməyə çalışdı və polisə təslim olmağı məsləhət gördü.

Bir qədər sonra evə xalam, xalam qızı və anam gəldi. Az sonra polis əməkdaşları da evə gələrək məni saxladılar", – deyə təqsirləndirilən şəxs bildirib.

Mərhumun bacısı qətlin səbəbindən danışıb

İş üzrə zərərçəkmiş Səmədin hüquqi varisi, bacısı Xuraman bildirib ki, Qəhrəman tərəfindən qətlə yetirilən Səməd onun qardaşıdır.

Onun sözlərinə görə, Səməd Qəhrəmanın anası Səlimə ilə 2018-2019-cu illərdə tanış olub. Səlimə 2021-ci ilə qədər mərhum atalarına məxsus və hazırda ailə tərəfindən idarə olunan marketdə satıcı kimi işləyib.

"Səlimənin iş yerindən çıxmasına səbəb Səmədin həyat yoldaşı Cəmilənin etirazı olub. Cəmilə ərinin Səlimə ilə sevgi münasibətində olduğunu öyrəndikdən sonra bu məsələ ailə daxilində ciddi narazılığa səbəb oldu.

2023-cü ildə Səmədin Səlimə ilə münasibətləri ailə daxilində münaqişəyə səbəb oldu. Nəticədə Səmədin həyat yoldaşı ərindən küsərək ata evinə qayıtdı. Daha sonra ailə üzvlərimin səyləri nəticəsində barışıq əldə edildi.

Lakin Cəmilə Səmədin Səlimə ilə münasibətini tam şəkildə kəsməsi tələbi ilə geri döndü. Bu səbəbdən 2023-cü il ərzində Səməd Səlimə ilə münasibətlərini dayandırdı.

Lakin 2024-cü il ərzində Səməd yenidən Səlimə ilə barışdı və münasibətlərini davam etdirdi. Hadisədən əvvəl Səlimə dəfələrlə Səmədin həyat yoldaşına telefon vasitəsilə yazıb, Səmədlə bir-birini sevdiyini bildirib, onun kənara çəkilməsini tələb edib. O, hətta birlikdə keçirdikləri vaxtlara aid fotoşəkillər də göndərərək Cəmiləni qıcıqlandırıb", – deyə Xuraman bildirib.

Xuraman deyib ki, hadisə günü bazarda olduğu zaman həyat yoldaşı Abbas ona zəng edərək təcili evə gəlməsini istəyib.

Onun sözlərinə görə, evə gələndə qardaşı Səmədin Qəhrəman tərəfindən yaşadıqları küçədə, evlərinin qarşısında bıçaqlanaraq qətlə yetirildiyini öyrənib.

16 yaşlı yeniyetməyə 9 il 6 ay həbs cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qəhrəman 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki