Türkiyənin Quru Qoşunları Komandanı, ordu generalı Metin Tokel İran sərhədində yerləşən hərbi hissələrdə yoxlama və qiymətləndirmə aparıb.
O, sərhəd bölgəsində yerləşən 6-cı Sərhəd Briqadası Komandanlığı, eləcə də Ferdi Akman Sərhəd Postu və Qurudərə Sərhəd Postunda vəziyyətlə yerində tanış olub, hərbi bölmələrin fəaliyyəti ilə bağlı məlumat alıb.
“Referans MEDİA-nın məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında yayılan məlumatda bildirilir ki, Tokel bu hərbi obyektlərdə yoxlamalar apararaq sərhəddəki təhlükəsizlik vəziyyətini qiymətləndirib. Paylaşımda aparılan yoxlamalara dair fotolar da təqdim olunub.
Digər tərəfdən, Türkiyə hava məkanına daxil olan İran mənşəli daha bir raketin məhv edildiyi açıqlanıb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, İran tərəfindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursat NATO-nun Şərqi Aralıq dənizində yerləşən hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bundan əvvəl də Hatay və Qaziantep səmasında İran raketlərinin zərərsizləşdirildiyi bildirilmişdi.
Qeyd edək ki, İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.
İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirib.
Məlumatlara görə, ABŞ və İsrailin hücumları nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxs həlak olub. İran rəsmilərinin bildirdiyinə əsasən, hücumlar nəticəsində ölənlərin sayı 1348 nəfəri, yaralıların sayı isə 17 mini keçib.
























