Antalya şəhərində park ərazisində yerləşən LED reklam panelinin içindən təxminən bir ay əvvəl öldüyü ehtimal edilən tanınmaz vəziyyətdə kişi meyiti aşkar edilib.
Referans Media xəbər verir ki, hadisə Muratpaşa rayonunda, Cumhuriyet Prospekti üzərində yerləşən Serdengeçti Parkında baş verib.
Parkda fəaliyyət göstərən kafe işçiləri bir müddətdir ərazidə yayılan güclü və xoşagəlməz qoxunun mənbəyini tapa bilməyiblər. Əvvəlcə bunun ölü heyvandan qaynaqlandığını düşünən işçilər vəziyyəti bələdiyyə əməkdaşlarına bildiriblər.
Bələdiyyə əməkdaşları LED reklam panelinin dayaq hissəsini açdıqda içəridə çürümüş vəziyyətdə kişi meyiti ilə qarşılaşıblar. İlkin ehtimallara görə, meyit təxminən bir ay əvvəl ölüb.
Hadisə yerinə polis və kriminalistlər cəlb olunub. Meyitin yaydığı güclü qoxuya görə əməkdaşlar qoruyucu maskalardan istifadə ediblər.
Üzərindən şəxsiyyəti təsdiq edən sənəd çıxmayan meyit ekspertiza üçün Antalya Məhkəmə Tibbi Ekspertiza İnstitutu morguna aparılıb. Ölüm səbəbinin və kimliyinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Polis hadisənin necə baş verdiyini və şəxsin həmin yerə necə düşdüyünü müəyyən etmək üçün istintaqı davam etdirir.























