image-kreditlerrrbackend

Avropada 3, Azərbaycanda 18 faiz – Kredit faizləri niyə yüksəkdir?

Azərbaycan Mərkəzi Bankının son hesabatına görə ölkədə orta kredit faizi 16-18-dir. Avropada isə bu rəqəm (3-4%) Azərbaycandan qat-qat aşağıdır. Qonşu Gürcüstanda orta istehlak krediti faizi 12-14, Ermənistanda isə 13-dür. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalıdır:

“Mənə elə gəlir ki, Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalıdır. Bugünkü bank faizlərinə nəzər yetirsək, biz istehsal sektorunun bir sahələrində rentabellik göstəricilərindən daha yüksəkdir. Təbii ki, burada sual yarana bilər ki, axı Mərkəzi Bank müəssisələrə birbaşa kreditlər vermir? Amma zənnimcə Mərkəzi Bank xüsusi kredit xətləri ayıra bilər. Xüsusi kreditləşmə şərtləri və kommersiya bankları vasitəsi ilə real sektorun maliyyələşdirilməsi təmin oluna bilər. Əgər biz buna nail olmasaq, faiz dərəcələrini yumşalda bilməyəcəyik. Çünki biz bunu yalnız uçot dərəcəsinin dəyişdirilməsi ilə tənzimləsək, dayanıqlı və müsbət effekti olmayacaq. Pul-kredit siyasəti çoxşaxəli olmalıdır. Real sektorun müvafiq sahələrinə uyğun faiz dərəcələri olmalıdır. Bunun üçün də xüsusi kommersiya bankları və kredit xətləri vasitəsi ilə real sektoru yumşaq faizlərlə maliyyələşdirmək lazımdır”.

Ekspert vurğulayıb ki, kreditlər iqtisadiyyatın müxtəlif sahələrindəki rentabellik göstəricilərinə uyğun olaraq təklif edilməlidir:

“İqtisadiyyatın müxtəlif sahələrində rentabellik göstəriciləri fərqlidir. Bu göstəricilərə uyğun olaraq, kreditlər təklif olunmalıdır. Hesab edirəm ki, bunun üçün Mərkəzi Bank xüsusi kreditləşmə xətlərini təmin etməlidir. Misal üçün hansısa sahədə 5 faizlik rentabellik göstəricisi varsa, Mərkəzi Bankdan müvafiq qaydada 3 faizlik kredit xətləri açılmalı və vəsaitin təyinatı üzrə istifadəsinə kommersiya bankları, MB və krediti götürən təşkilatlar birlikdə məsuliyyət daşımalıdır. Bu kanal üzrə açılan kredit xəttinin başqa sahəyə yerləşdirilməsi mümkün olmamalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki