Avstraliyada davam edən meşə yanğınları: 1100 nəfər təxliyə olunur

Avstraliyanın Viktoriya ştatında davam edən meşə yanğınları səbəbindən 1100 nəfərdən yaşadıqları ərazini tərk etmələri tələb olunub.

Referans Media xəbər verir ki, Avstraliya Yayım Quruluşunun (ABC) məlumatına görə, ştat rəhbərliyi Otveys (Otways) bölgəsində davam edən yanğınlarla əlaqədar bir sıra fövqəladə tədbirlər görüb.

Yanğınlar səbəbilə Gellibrand, Kawarren, Beech Forest, Forrest, Barongarook qəsəbələri və Böyük Otway Milli Parkının ətrafında yaşayanlar da daxil olmaqla ümumilikdə 1100 nəfərə təxliyə çağırışı edilib.

Rəsmilər alovların ştatın cənubundakı digər bölgələrə, eləcə də şərq sahilində yerləşən Lorne, Aireys Inlet və Anglesea kimi qəsəbələrə də yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.

Yanğının mövcud nəzarət xətlərini aşma riskinin çox yüksək olduğunu bildirən səlahiyyətlilər, indiyədək təxminən 94 min dönüm ərazinin yanğından zərər gördüyünü açıqlayıblar. Bildirilib ki, yanğın hələ də böyüməkdə davam edir.

Avstraliya Meteorologiya Bürosunun rəsmisi Diana Eadie daha əvvəl verdiyi açıqlamada, ştatın bəzi bölgələrində 2009-cu ildən bəri ən uzunmüddətli isti hava dalğasının yaşana biləcəyi barədə xəbərdarlıq etmişdi.

Rəsmilərin məlumatına görə, Viktoriya ştatının Mildura, Hopetoun və Walpeup bölgələrində hava temperaturunun 48 dərəcə, Horsham şəhərində 47 dərəcə, Hamiltonda isə 46 dərəcəyə çatması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki