Azərbaycana sərt hava gəlir: Temperatur 10 dərəcə düşəcək, güclü külək və qar gözlənilir – RƏSMİ XƏBƏRDARLIQ

Həftəsonu Azərbaycanda hava şəraiti kəskin dəyişəcək. Şənbə günü mülayim və əsasən yağmursuz hava müşahidə olunsa da, bazar günündən etibarən ölkəyə soyuq hava kütlələri daxil olacaq. Temperatur 5–10 dərəcə enəcək, güclü külək əsəcək, dağlıq ərazilərdə qar yağacaq.

Referans Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti rəsmi xəbərdarlıq yayıb.

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7–12, gündüz 17–22 dərəcə isti olacaq.

Rayonlarda da əsasən yağmursuz hava gözlənilir. Gündüz temperatur 17–22 dərəcəyə çatacaq, dağlıq ərazilərdə isə 8–13 dərəcə isti olacaq.

Bazar günü – noyabrın 15-də isə vəziyyət dəyişəcək.

Rəsmi proqnoza əsasən, günün ikinci yarısından külək güclənəcək, axşam saatlarından ölkə ərazisində hava qeyri-sabitləşəcək. Fasilələrlə yağıntı gözlənilir. Şimal və qərb rayonlarının bəzi ərazilərində intensiv yağış, şimşək və dolu, dağlıq ərazilərdə isə qar ehtimalı var.

Havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 5–10 dərəcə aşağı düşəcək.

Bakıda və Abşeronda narıncı xəbərdarlıq elan olunub. Noyabrın 15-i gündüzdən 16-sı axşamadək paytaxtda, eləcə də Xızı, Qusar, Hacıqabul, Qobustan, Neftçala, Mingəçevir və bir sıra digər ərazilərdə şimal-qərb küləyinin sürəti saniyədə 20,8–28,4 metrə çata bilər.

Gəncə, Şəki, Qəbələ, Quba, Şamaxı, Laçın, Kəlbəcər, Ağdam və digər rayonlarda isə sarı xəbərdarlıq qüvvədə olacaq.

Güclü yağıntılar nəticəsində Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi çaylarında sululuğun artması, qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi istisna edilmir.

Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.

Beləliklə, həftəsonu istirahət və səfər planlaşdıran vətəndaşların, xüsusilə dağlıq rayonlara gedənlərin hava şəraitini nəzərə almaları tövsiyə olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki