Hollivudun məşhur cütlüyü nəhayət razılaşdı: Coli və Pitt arasında illərdir davam edən qalmaqal bitdi

Hollivud ulduzları Ancelina Coli və Bred Pitt Fransadakı “Château Miraval” malikanəsi ilə bağlı illərdir davam edən hüquqi mübahisəni məhkəmədənkənar razılaşma ilə yekunlaşdırıblar.

Referans Media xəbər verir ki, tərəflərin razılaşması onların bir-birinə qarşı qaldırdığı hər iki iddianın bağlanmasına imkan verib.

Aktyorların nümayəndələri çərşənbə günü birgə açıqlama yayaraq ailənin maraqlarını nəzərə alaraq məhkəmədənkənar razılığa gəldiklərini bildiriblər. Açıqlamada mətbuata da xəbərdarlıq edilib: “Mediada anonim mənbələrə istinadən yayılan şərhlər nə bizdən, nə də yaxınlarımızdan qaynaqlanır”.

Mübahisə cütlüyün 2008-ci ildə Fransanın cənubunda aldığı malikanə və üzüm bağları ilə bağlı olub. Onlar 2014-cü ildə həmin ərazidə evləniblər. Boşanma prosesindən sonra Bred Pitt keçmiş həyat yoldaşının öz razılığı olmadan malikanədəki payını satdığını iddia edərək məhkəməyə müraciət edib.

Ancelina Coli isə qarşılıqlı iddia qaldıraraq 2016-cı ildə Fransadan Los-Ancelesə uçan şəxsi təyyarədə baş verdiyi bildirilən münaqişəni məhkəmə müstəvisinə çıxarıb. Colinin iddialarına görə, Pitt həmin vaxt ona və uşaqlarına qarşı zorakılıq edib. Bred Pitt bu ittihamları rədd edib, polis araşdırmasından sonra ona qarşı cinayət ittihamı irəli sürülməyib.

Qeyd edək ki, cütlük səkkiz il davam edən boşanma mübarizəsindən sonra ötən ilin sonunda ayrılıq məsələsində razılığa gəlmişdi. Malikanə ilə bağlı mübahisə isə aralarında qalan son böyük hüquqi çəkişmə idi.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki