Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli bilinənlərdən İ.R.F şirkətlərdən birində menecer kimi fəaliyyətə başlayıb.
Yasamal Rayon Məhkəməsinin azadlığı 3 il müddətinə məhdudlaşdırılan və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum edilən şəxs hərəkət saatlarının qadağasının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib.
İ.R.F ərizəsində bildirib ki, iş yerinin əmək qrafiki ona hazırda tətbiq edilmiş 23:00-07:00 saatları arasındakı hərəkət qadağası ilə üst-üstə düşür və bu, əmək funksiyalarını tam həcmdə yerinə yetirməyinə əngəl törədir. O, yeni iş yerinin qrafikinə uyğunlaşdırılması məqsədilə ona tətbiq edilmiş sərbəst hərəkət saatlarının dəyişdirilməsinə zərurət yarandığını bildirib. Ərizəçi qeyd edib ki, bu tələb heç bir şəkildə cəzadan yayınma cəhdi deyil. Əksinə, əmək fəaliyyətini davam etdirməklə həm əmək qanunvericiliyinə uyğun məşğulluğunu qorumaq, həm də ona tətbiq edilmiş cərimə cəzasını ödəmək iqtidarında olmaq məqsədi daşıyır.
Yasamal Rayon Məhkəməsi İ.R.F-nin ərizəsini təmin edib və müəyyən edilmiş vaxt məhdudiyyəti axşam saat 01:00-dan səhər saat 08:00-dək müəyyən olunub.
Qeyd edək ki, bir müddət əvvəl üzərinə həbs qoyulmuş "Binance" beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi B.H.R. və İ.R.F. cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.
Xatırladaq ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib./Xitab24.az/
