Fransanın şimalındakı Dənizkənarı Sena (Seine-Maritime) departamentində sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb.
Referans Media xəbər verir ki, bu barədə "TF1" telekanalı departament prefekturasına və Ruan prokurorluğuna istinadən məlumat yayıb.
Hadisə Ruandan Kan şəhəri istiqamətində hərəkət edən regional TER sərnişin qatarının Kleon (Cléon) kommunası yaxınlığında hərəkətdə olduğu vaxt baş verib. Göyərtəsində 186 sərnişinin olduğu qatarın Vaqonları qəfil silkələnərək relsdən çıxıb.
Yerli hakimiyyət orqanları dərhal ərazidə fövqəladə vəziyyət rejimini aktivləşdirib və hadisə yerinə 130-dan çox yanğınsöndürən, 5 tibb briqadası və 80-dən çox xüsusi nəqliyyat vasitəsi cəlb olunub. Qəza nəticəsində yaralanan 44 nəfərdən 1-nin (18 yaşlı gənc qadının) vəziyyətinin kritik ağır olduğu və helikopterlə Ruan Universitet Xəstəxanasına təxliyə edildiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb, maşinistin spirtli içki və narkotik testlərinin cavabı mənfi çıxıb. Hüquq-mühafizə orqanları və SNCF qatarın relsdən çıxma səbəblərini araşdırır./Musavat.com/
