Azərbaycanda hotel sektorunun inkişafı ilə yanaşı bu sahədə ixtisaslı kadrların olması da vacibdir. Məhz hotelçilik üzrə ixtisaslaşmış mütəxəssislərin az olduğu, bəzi hallarda isə idarəçilərin xaricdən gətirildiyi iddia olunur. Ümumiyyətlə, hotelçilik deyiləndə cəmiyyətdə ancaq “menecer”, “housekeeping”, “portyer” təsəvvürü yaranır, halbuki bir hotelin keyfiyyətini müəyyən edən böyük sistemin içində müxtəlif kadrlar var ki, onların da arxasında ixtisaslaşmış şöbələr dayanır.
Ümumiyyətlə Azərbaycanda hotelçilik üzrə kadr hazırlanırmı?
Referans Media bildirir ki, mövzu ilə bağlı Hotelçilik və qonaqlama üzrə mütəxəssis Kamran Mirzəyev Bizim.Media-ya qeyd edib ki, Azərbaycanda turizm və hotelçilik istiqamətində həm ali, həm də peşə təhsili mövcuddur. Azərbaycan Turizm və Menecment Universiteti turizm və hotelçilik üzrə mütəxəssislər hazırlayır.
Bununla yanaşı, peşə təhsili səviyyəsində də mehmanxana təsərrüfatı və digər hotel xidmətləri üzrə kadr hazırlığı həyata keçirilir:
“Yəni ölkədə turizm və hotelçilik üzrə təhsil alanlar var. Əsas problem hotel sektorunun tələb etdiyi beynəlxalq təcrübəli orta-yuxarı səviyyəli kadrların sayının azlığıdır. Aşağı vəzifələrdə isə kadr axını var, amma bəziləri bu sahədə ixtisaslaşmayıblar.
Problemin digər tərəfi də daha çox təhsildə əldə olunan nəzəri biliklərlə hotel sektorunun real ehtiyacları arasındakı fərqlə bağlıdır. Hotelin fəaliyyətində sadəcə diplomlu mütəxəssis deyil, konkret sahədə beynəlxalq təcrübəyə malik kadr tələb olunur. Xüsusilə “Front Office Manager”, “Executive Housekeeper”, “Guest Relations Manager”, “Operations Manager” kimi vəzifələr üçün beynəlxalq hotel standartlarını bilən, uzunmüddətli təcrübəsi olan mütəxəssislər çatışmır”.
Mütəxəssis diqqətə çatdırdı ki, bəzi hotel xidmətləri sahəsində məsələn orta və aşağı səviyyəli housekeeping (təsərrüfat işçisi), Room attendant (otaq əməkdaşı) üçün dördillik universitet təhsilindən daha çox peşə hazırlığı, praktik bacarıq və hotel standartlarını bilmək önəmlidir.
Başqa sözlə, hotelçilikdə bütün vəzifələr üçün eyni tipli təhsil modeli tətbiq edilə bilməz. Otaq əməkdaşı üçün peşə təhsili və praktiki hazırlıq, departament rəhbəri üçün isə daha yüksək səviyyəli ixtisas və uzunmüddətli hotel təcrübəsi tələb olunur.
