4 illik universitet təhsili 3 ilə düşür: bəs bir ildə hansı fənlər silinəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi təklifi səsləndirilib. Təklifin əsaslandırılmasında müasir əmək bazarının sürətlə dəyişməsi, bilik və bacarıqların əvvəlki ilə müqayisədə daha tez yenilənməsi və gənclərin əmək bazarına daha erkən inteqrasiyasının vacibliyi önə çəkilib.

Bildirilir ki, bakalavr təhsilinin bir il qısaldılması tələbələrin həm təhsil xərclərini azaltmasına, həm də əmək fəaliyyətinə daha tez başlamasına imkan verə bilər. Lakin burada əsas sual müddətin azaldılmasının təhsilin keyfiyyətinə necə təsir edəcəyidir. Çünki 4 ilə nəzərdə tutulan proqramın 3 ilə keçirilməsi sadəcə dərs yükünün sıxlaşdırılması ilə həyata keçirilərsə, tələbələrin aldığı nəzəri və praktiki biliklərin səviyyəsi aşağı düşə bilər.
Digər tərəfdən, dünyada ali təhsilin daha çevik modellərinə keçid, əmək bazarının tələblərinə uyğun ixtisaslaşma və universitet təhsilinin praktiki bacarıqlarla əlaqələndirilməsi istiqamətində müxtəlif yanaşmalar mövcuddur.

Bəs Azərbaycanda bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi nə dərəcədə məqsədəuyğundur? Bir il ərzində hansı fənlər və ya tədris mərhələləri ixtisar ediləcək? Təhsilin müddəti azalarkən keyfiyyət necə qorunacaq?

Referans Media  bildirir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

Ekspert xatırladıb ki, Azərbaycan universitetləri 2005-ci ildə “Boloniya Bəyannaməsi”nə qoşulub:

"Bu bəyannamənin əsas şərtlərindən biri bakalavr təhsilinin 3-4 il, magistratura təhsilinin isə 1-2 il nəzərdə tutulmasıdır.
Lakin bəyannamənin bu şərtinə əməl olunmur. Belə ki, Azərbaycanda 3 illik bakalavr təhsili yoxdur".

Ekspertin sözlərinə görə, xüsusilə pedaqoji ixtisaslar üzrə 3 illik bakalavr təhsilinə keçid o qədər də real görünmür:

"3 illik bakalavr təhsilinə keçidi xüsusilə pedaqoji ixtisaslar üzrə həyata keçirmək mümkün deyil. Çünki “Pedaqogika”, “Psixologiya” və “Fəlsəfə” fənlərinin tədrisi ən azı 2-3 semestr davam etməlidir. Eyni zamanda riyaziyyat, fizika, kimya və biologiyanın tədrisi metodikası da 2-3 semestr ərzində öyrədilməlidir.

Yaxşı müəllim hazırlığı üçün bu fənlər üzrə yeni tədris proqramları hazırlanmalıdır. Onsuz da “Fəlsəfə” fənninin tədrisini demək olar ki, ali məktəblərdən yığışdırıblar.

Digər tərəfdən, bakalavr təhsilinin indiki müddəti ərzində keyfiyyətli pedaqoji kadrlar hazırlamaq mümkün deyil. Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda da bunun acı nəticələrini görürük.

Ən düşündürücü məqam isə budur ki, tələbələr 4 illik bakalavr təhsilini başa vurduqdan sonra belə, imtahanlarda iştirak etmək və nəticə əldə etmək üçün hazırlıq kurslarına gedirlər. Bu isə istər-istəməz sual doğurur: Əgər tələbə 4 il ali təhsil aldıqdan sonra yenidən hazırlıq kursuna ehtiyac duyursa, o zaman universitetdə aldığı təhsilin keyfiyyəti və səmərəliliyi barədə düşünməyə dəyər"./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki