Azərbaycanda hərbi xidmət zamanı əlillik qazanmış şəxslərə və müəyyən kateqoriyadan olan məhkumlara təhsil imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər müzakirə olunur. Məsələ hüquqi çərçivə, sosial ədalət prinsipi, dövlət büdcəsinə mümkün təsir və cəmiyyətə reinteqrasiya baxımından aktual hesab edilir.
Referans Media-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ümumilikdə bu məsələ hüquqi, sosial ədalət, dövlət büdcəsi yükü və reinteqrasiya aspektlərini əhatə edir. Onun sözlərinə görə, hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəstəlik alaraq əlillik qazanmış şəxslərə dövlət hesabına ödənişli təhsil imkanı verilməsi bir neçə baxımdan ədalətli və sosial cəhətdən məqsədəuyğundur.
Ekspert qeyd edib ki, bu şəxslər dövlət qarşısında xüsusi xidmət göstəriblər və ölkənin təhlükəsizliyinə real töhfə veriblər. Onlara əlavə təhsil dəstəyi göstərilməsi sosial ədalət prinsipinə tam uyğun gəlir. Digər mühüm məsələ isə əmək bazarına reinteqrasiyadır. Fiziki məhdudiyyətlərə görə əvvəlki peşələrinə qayıda bilməyən şəxslər üçün təhsil imkanlarının genişləndirilməsi onların əmək bazarında rəqabət qabiliyyətini artırır.
R.Fikrətoğlu vurğulayıb ki, ödənişli təhsil xərclərinin dövlət tərəfindən qarşılanması sosial müdafiə rolunu gücləndirir və həmin şəxslərin həyat keyfiyyətinin yüksəlməsinə dəstək olur. Qanuna dəyişiklik qüvvəyə minərsə, tətbiq mexanizmi və dövlət büdcəsinə təsir məsələləri dəqiq müəyyənləşdirilməlidir. Onun fikrincə, bu kateqoriyaya aid şəxslərin sayı ümumi əhali ilə müqayisədə az olduğundan büdcəyə təsir məhdud və idarəolunan olacaq.
Ekspert hesab edir ki, xərclərin yalnız ilk təhsil üzrə qarşılanması büdcə yükünü daha da azalda bilər. Bununla yanaşı, dəqiq meyarlar müəyyən edilməli, əlilliyin hərbi xidmətlə əlaqəli olması tibbi ekspertiza sənədləri ilə təsdiqlənməlidir. Güzəşt birinci və ikinci qrup, eləcə də ağır zədələnmə halları üzrə məhdudlaşdırıla bilər və bu, qanunvericiliyin seçiminə uyğun dəyişə bilər.
Onun fikrincə, hər təhsil pilləsi üzrə bir dəfə şans verilməsi daha məqsədəuyğundur. Məsələn, peşə təhsili, kollec, ali və ya magistratura səviyyəsi üzrə bir mərhələ üçün imkan yaradılmalıdır. Ödəniş mexanizmi mövcud təcrübəyə uyğun olaraq birbaşa təhsil müəssisəsinə dövlət tərəfindən həyata keçirilə bilər və təhsil müddətinə nəzarət olunmalıdır.
R.Fikrətoğlu həmçinin yetkinlik yaşına çatmayan və az ağır cinayət törətmiş məhkumların ali təhsil imkanlarının genişləndirilməsinin də müsbət addım olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma beynəlxalq təcrübəyə uyğundur və reabilitasiya baxımından əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, təhsil alan və peşə qazanan məhkumlarda təkrar cinayətə qayıdış halları əhəmiyyətli dərəcədə azalır.
Ekspert əlavə edib ki, təhsil imkanı gənclərin özünəinamını artırır, psixoloji balans yaradır və gələcəyə ümid verir. Cəza müddəti bitdikdən sonra ali təhsil alan şəxslərin iş tapmaq ehtimalı daha yüksək olur ki, bu da sosial adaptasiyanı asanlaşdırır.
Nəticə olaraq, ekspert hesab edir ki, hər iki təklif sosial ədalət, insan kapitalının inkişafı və reinteqrasiya baxımından müsbət və əsaslandırılmış addımlardır. Dövlət büdcəsinə düşəcək yük minimal olacaq, lakin sosial təsir və uzunmüddətli geri dönüş yüksək ola bilər.
Gülnaz Abdullazadə























