Sumqayıt, Xırdalan və Masazırdan gələnlərə ŞAD XƏBƏR: 17 yeni stansiya gəlir — Xəritə tamamilə dəyişir!

Bakının nəqliyyat infrastrukturunda növbəti illərdə böyük dəyişikliklər gözlənilir. Dövlət Proqramına uyğun olaraq Bakı Metropolitenində 17 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Xüsusilə Bənövşəyi və Yaşıl xətlərin genişləndirilməsi sərnişin axınının yenidən bölüşdürülməsinə, keçid imkanlarının artmasına və paytaxtdakı tıxacların azalmasına mühüm töhfə verməlidir.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, qəbul olunmuş Dövlət Proqramına əsasən, Bakı Metropolitenində ümumilikdə 17 yeni stansiyanın inşası nəzərdə tutulur.

Onun sözlərinə görə, bu stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzərində yerləşəcək. Stansiyaların yerləri Bakı şəhərinin rəqəmsal əkizi və digər təhlillər əsasında müəyyən edilib.

"Bütün təhlillərin nəticəsi onu göstərir ki, bu layihələr şəhərin dayanıqlı mobillik planının və ictimai nəqliyyat sisteminin inkişafı baxımından dönüş nöqtəsi olacaq", – deyə Bəxtiyar Məmmədov vurğulayıb.

O qeyd edib ki, Bənövşəyi xətt üzrə inşa ediləcək 6 yeni stansiya xəttin daşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və sərnişin tələbatını yüksəldəcək.

Hazırda Bənövşəyi xəttin Bakı Metropoliteninin ümumi sərnişindaşımasında payı nisbətən az olsa da, onun daşıma potensialı Qırmızı və Yaşıl xətlərlə müqayisədə daha yüksəkdir. Bunun səbəbi isə bütün stansiyaların yeddi vaqonlu qatarların istismarı nəzərə alınmaqla layihələndirilməsidir.

Bəxtiyar Məmmədov bildirib ki, aparılan təhlillər paytaxta ən böyük sərnişin axınının Sumqayıt, Xırdalan, Masazır və Bakı–Şamaxı yolu istiqamətindən gəldiyini göstərir. Bu baxımdan "Avtovağzal" və "Xocəsən" stansiyalarının yerləşməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, həmin istiqamətlərdən gələn sərnişinlər bu stansiyalara çatdıqdan sonra yerüstü nəqliyyatdan istifadə etmədən metronun digər xətlərinə keçid edə və metro ilə əhatə olunan ərazilərə rahat şəkildə hərəkət edə biləcəklər. Bu isə həm vaxta qənaət edəcək, həm də sərnişinlərin marşrut planlamasını daha səmərəli edəcək.

Metropoliten rəsmisi qeyd edib ki, Bənövşəyi xətt üzrə iki yeni keçid stansiyası xüsusi əhəmiyyət daşıyacaq. Onlardan biri "Nizami" stansiyası yaxınlığında yerləşərək Yaşıl xətlə əlaqə yaradacaq. Digəri isə "Sahil" stansiyası yaxınlığında inşa olunacaq və Bənövşəyi xətdən birbaşa Qırmızı xəttə keçid imkanı təmin edəcək.

Bundan əlavə, "Xətai" istiqamətində də yeni keçid stansiyası yaradılacaq. Bunun nəticəsində Bənövşəyi xətt üzrə hərəkət edən sərnişinlər Yaşıl xəttə müxtəlif keçid məntəqələri vasitəsilə qoşula biləcəklər.

Bəxtiyar Məmmədov bildirib ki, gələcəkdə xətlərin ayrılması layihəsi də həyata keçiriləcək. Bu zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları Qırmızı və Yaşıl xətlər arasında keçid funksiyasını yerinə yetirəcək.

Onun sözlərinə görə, bütün layihələr başa çatdıqdan sonra Bakı Metropolitenində hər bir xətt müstəqil fəaliyyət göstərəcək və bütün xətlər arasında rahat keçid imkanları yaradılacaq. Bu isə yerüstü nəqliyyatın hərəkətinin tənzimlənməsinə, mikromobillik vasitələrinin inkişafına, tıxacların azalmasına və vətəndaşların ictimai nəqliyyatdan istifadəsinin artmasına müsbət təsir göstərəcək.

Tikinti işlərinin gedişi barədə danışan Bəxtiyar Məmmədov bildirib ki, Bənövşəyi və Yaşıl xətlər üzrə stansiyalar üçün ayrıca tenderlər elan olunacaq.

Onun sözlərinə görə, Bənövşəyi xətt üzrə bir stansiyanın tikintisi artıq son mərhələdədir. Digər beş stansiya üzrə isə müsabiqə yolu ilə podratçılar müəyyən ediləcək və hər iki xətt üzrə tikinti işləri ayrıca həyata keçiriləcək.

Metropoliten rəsmisi əlavə edib ki, bu il ərzində layihələrin tam dəqiqləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun prosedurların başlanması nəzərdə tutulur. Növbəti ildən isə yeni metro stansiyalarının tikintisinin aktiv mərhələsinə start veriləcək.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki