Bakıda nəzarətsiz təlim maşınları təhlükə saçır: Qaydaları kim öyrədir, lisenziyanı kim verir? - Ekspert aidiyyəti qurumlara çağırış etdi

Bakı küçələrində hər gün rast gəldiyimiz təlim avtomobillərinin fəaliyyəti, sürücülük təlimçilərinin peşəkarlıq səviyyəsi və təlim mərkəzlərinin maddi-texniki bazası ilə bağlı suallar cəmiyyətdə müzakirə mövzusu olaraq qalır. Sürücülük məktəblərində şəffaflıq probleminin mövcudluğu, fəaliyyət barədə məlumatların qapalı saxlanılması və təlimçilərə nəzarət mexanizmləri ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Referans Media-ya açıqlama verib.

Ekspert bildirib ki, hazırda yollarda fəaliyyət göstərən bir çox təlimçinin hansı proqram əsasında çalışdığı və hansı quruma bağlı olduğu barədə ictimaiyyət üçün kifayət qədər məlumat yoxdur.

"Bu təlimçilərin özlərinə də təlim keçmək lazımdır"

Eldəniz Cəfərov qeyd edib ki, qanunvericiliyə əsasən xüsusi təchiz olunmuş təlim avtomobilində sürücülük öyrənən şəxsin sürücülük vəsiqəsinin olması tələb edilmir.

"Qanuni sertifikatlaşdırılmış və lisenziyalı sənədlərə malik təlim avtomobilində dərs alan şəxsin sürücülük vəsiqəsinin olması vacib deyil. Biz Bakının yollarında çoxlu sayda təlim maşınları görürük. Sosial şəbəkələrdə də bu şəxslərin fəaliyyətinə rast gəlirik. Lakin bəzən onların davranışlarını izlədikdə belə təəssürat yaranır ki, bəzi təlimçilərin özlərinə də əlavə təlim lazımdır.

Onlar görünür, avtomobilləri var, amma hansı quruma bağlı olduqları, fəaliyyət icazəsini və ya müvafiq sənədləri hansı əsasla aldıqları barədə ictimaiyyət üçün açıq məlumat yoxdur", - deyə ekspert bildirib.

Sürücülük məktəblərində şəffaflıq məsələsi

Nəqliyyat eksperti vurğulayıb ki, sürücülük məktəblərinin və təlim mərkəzlərinin fəaliyyəti ilə bağlı daha geniş araşdırmaya ehtiyac var.

"Bu sahədə fəaliyyət göstərən sürücülük məktəbləri və təlim mərkəzləri mövcuddur. Lakin onların hansı proqram əsasında işlədiyi, maddi-texniki bazalarının hansı səviyyədə olduğu, təlim prosesinin necə təşkil edildiyi barədə kifayət qədər məlumat əldə etmək mümkün deyil.

Media nümayəndələri hər hansı sürücülük məktəbi ilə bağlı araşdırma aparmaq istədikdə belə, bir çox hallarda bu məlumatları əldə etmək çətin olur. Hesab edirəm ki, aidiyyəti qurumlardan bu məsələlərlə bağlı rəsmi məlumat tələb edilməli və ictimaiyyət məlumatlandırılmalıdır", - Eldəniz Cəfərov qeyd edib.

"Hüquqi baxımdan mümkündür, amma nəzarət gücləndirilməlidir"

Ekspert bildirib ki, xüsusi təchiz edilmiş təlim avtomobilində sürücülük öyrənən şəxsin vəsiqəsinin olmaması hüquqi baxımdan problem yaratmır. Lakin əsas məsələ təlimçinin peşəkarlığı və nəzarət mexanizmlərinin effektivliyidir.

Onun sözlərinə görə, sükan arxasında tələbə olsa da, yol hərəkəti qaydalarının pozulmasına və baş verə biləcək qəzalara görə əsas hüquqi məsuliyyəti avtomobildə əyləşən təlimçi daşıyır.

"Məhz buna görə təlimçinin xüsusi sertifikata və fəaliyyət üçün tələb olunan icazələrə malik olması vacibdir", - deyə ekspert bildirib.

Təlim proqramları və texniki baza ilə bağlı suallar

Eldəniz Cəfərov qeyd edib ki, sürücülük məktəbləri aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi vahid tədris proqramı əsasında fəaliyyət göstərməlidir.

Lakin bəzi özəl təlim mərkəzlərində həmin proqramlara riayət olunması, avtomobillərin texniki vəziyyəti və təlim prosesinin keyfiyyəti ilə bağlı suallar qalmaqdadır.

Sosial şəbəkələrdə fəaliyyət göstərən qeyri-rəsmi təlimçilər

Ekspert sosial şəbəkələr vasitəsilə heç bir rəsmi qeydiyyat olmadan sürücülük dərsləri təklif edən şəxslərin də təhlükə yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, bu cür fəaliyyət həm nəzarətdən kənarda qalır, həm də yol təhlükəsizliyi baxımından əlavə risklər yaradır.

Ekspertdən çağırış: Vahid reyestr yaradılmalıdır

Eldəniz Cəfərov yekun olaraq bildirib ki, sürücülük məktəbləri və təlimçilərlə bağlı məlumatların ictimaiyyətə açıq olması vacibdir.

Onun sözlərinə görə, aidiyyəti qurumlar sürücülük məktəblərinin vahid reyestrini, sertifikatlı təlimçilərin siyahısını və akkreditasiya şərtlərini açıq şəkildə təqdim etməlidir.

Ekspert Referans Media-nın bu mövzunu gündəmə gətirməsini və aidiyyəti qurumlara rəsmi sorğular ünvanlayaraq məsələnin araşdırılmasını müsbət addım kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki