Azərbaycanda yay mövsümü olsa da, avtomobil bazarında ənənəvi canlanma müşahidə olunmur.
Bunu “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib. Onun sözlərinə görə, satışlar gözlənilən səviyyədə deyil və bazarda hələ də ötən ildən qalan problemlər hiss olunur.
“Bazardakı mövcud vəziyyətin əsas səbəblərindən biri ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan gömrük və vergi güzəştlərinin bu ildən ləğv edilməsi olub. Güzəştlərin müddətinin uzadılmayacağı ötən ilin III rübündən məlum idi.
Buna görə paralel idxalla məşğul olan şəxslər və investorların vəsaiti hesabına fəaliyyət göstərən avtomobil satıcıları bazara rekord sayda avtomobil gətiriblər. Həmin dövrdə gətirilən avtomobillər 5-10 gün ərzində satılırdı.
İnvestorlar da qısa müddətdə gəlir əldə edə bilirdilər. Lakin bu ilin əvvəlindən satışlar kəskin zəifləyib”, - deyə sədr qeyd edib.
Satışların azalması nəticəsində qiymətlər maya dəyərindən aşağı düşüb. Assosiasiya sədrinin sözlərinə görə, satışların zəifləməsi bəzi idxalçıların aylarla avtomobil sata bilməməsinə səbəb olub:
“Bu da investorlar arasında narahatlıq yaradıb və satıcılar avtomobilləri əvvəlcə maya dəyərinə, daha sonra isə maya dəyərindən aşağı qiymətə satışa çıxarmağa başlayıblar. Nəticədə bazarda qiymət müharibəsi gedir. Bir satıcı qiyməti endirir, digəri də məcbur qalaraq eyni addımı atır”.
Maraqlıdır, bəs bu durğunluğun əsas səbəbi nədir?
Referans Media xəbər verir ki,Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a təsdiqləyib ki, Azərbaycanın avtomobil bazarı hazırda çox da fəal deyil. Burada əsas səbəblərdən biri ölkəyə idxal olunan hibrid avtomobillərə tətbiq edilmiş əlavə dəyər vergisindən (ƏDV) azadolma güzəştlərinin müddətinin bitməsidir:
“Bu ilin yanvar ayının 1-dən artıq ölkəyə idxal olunan yeni hibrid avtomobillər satılarkən ƏDV alıcıdan alınır. Bu da təbii ki, qiymətlərin yüksəlməsinə gətirib çıxarır”.
Ekspert qeyd edib ki, həmçinin yaşı 7 ildən çox olan benzin və dizel mühərrikli avtomobillər ölkəyə idxal olunarkən mühərrikin həcminə görə alınan aksiz vergilərinin yüksəlməsi də bazara təsir edib. Bu isə avtomobillərə olan tələbi müəyyən qədər azaldır.
