Bu axtarış rekord qırdı

Yanacaq böhranı və pilotsuz uçuş aparatlarının hücumları fonunda Rusiyada müharibənin nə vaxt başa çatacağı ilə bağlı internet axtarışları kəskin artıb.

Referans Media xəbər verir ki,"Yandex" axtarış sisteminin statistikası əsasında apardığı təhlilə görə, 22-28 iyun tarixlərində istifadəçilər "Xüsusi hərbi əməliyyat (Rusiyanın Ukraynadakı işğalçı savaşa qoyduğu ad-red.) nə vaxt bitəcək?" ifadəsi ilə 137 mindən çox axtarış ediblər.

Bildirilir ki, bu, Ukraynaya qarşı müharibə başlayandan bəri qeydə alınan ən yüksək göstəricidir.

Məqalədə qeyd olunur ki, rekord göstərici Rusiyada yaşanan yanacaq böhranı və Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarının intensivləşdiyi dövrə təsadüf edib.

Əvvəlki rekord 11-17 may həftəsində qeydə alınıb. Həmin dövrdə Moskva və Moskva vilayəti tarixinin ən genişmiqyaslı PUA hücumlarından birinə məruz qalmış, pilotsuz aparatların yaşayış binalarına düşməsi nəticəsində üç nəfər həlak olub. O vaxt "Müharibə nə vaxt bitəcək?" sorğusu 107 min dəfə axtarılıb.

Araşdırmaya görə, Moskva və ətrafında "bomba sığınacağı" sözünə maraq da kəskin artıb. Əgər 2025-ci ilin yanvarında bu ifadə 10,5 min, fevralda isə 9,1 min dəfə axtarılmışdısa, 2026-cı ilin mayında bu rəqəm 33,7 minə yüksəlib.

Pilotsuz uçuş aparatlarına maraq isə daha sürətlə artıb. "PUA" sorğusu 2025-ci ilin yanvarında 163 min, fevralında 130 min dəfə axtarıldığı halda, 2026-cı ilin mayında bu göstərici 785 minə çatıb. Müəlliflərin hesablamasına görə, son il yarımda bu mövzuya maraq təxminən beş dəfə artıb./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki