“Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyanı vəzifəsindən kənarlaşdırmaq üçün fəaliyyət planı var, amma hazırda Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı qərarını gözləyir”.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” blokunun lideri, rusiyalı oliqarx Samvel Karapetyan deyib.
“Müxalifət liderlərinin bəziləri ilə görüşlər keçirmişəm, amma sizə kimlərlə görüşdüyümü deyə bilmərəm. Gizli planımız var, amma onu açıqlamayacam. Bu, Paşinyanı vəzifədən uzaqlaşdırmaqla bağlıdır”, - o, jurnalistlərə bildirib.
Karapetyan qeyd edib ki, müxalifət hakimiyyətə qarşı küçə etirazları keçirməyə hazır olsa da, hələlik Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini ləğv etməsinə ümid edir:
“Konstitusiya Məhkəməsinin qərarına baxacağıq, sonra növbəti addımlarımızı planlaşdıracağıq. Təkliflərimizin qəbul edilməsi üçün kiçik şansımız varsa, niyə sonrakı addımları planlaşdırmamalıyıq? Konstitusiya Məhkəməsi ya seçkilərin nəticələrini ləğv edəcək, ya da ikinci tur təyin edəcək, ona görə də indidən yeni məsələləri müzakirə etmək istəmirik”.
