Azərbaycanda nazirlər üçün yaş məhdudiyyəti qoyula bilər - MÜHÜM TƏKLİF

Bəzi nazirlər uzun illərdir eyni postda qalır, bir qisminin yaşı isə artıq 65-i ötüb. Halbuki, bir çox dövlət və özəl sektorda çalışanlar üçün yaş məhdudiyyəti və ya pensiya həddi tətbiq edilir. Bu isə cəmiyyətdə “yüksək dövlət vəzifələrində yaş meyarı olmalıdırmı?” sualını yenidən gündəmə gətirir.

Bəs nazir postu da daxil olmaqla, icra hakimiyyəti orqanlarında yüksək vəzifələr üçün yaş həddinin müəyyənləşdirilməsinin vaxtı çatmayıbmı?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı hesab edir ki, dövlət idarəçiliyində yaş amilini əsas meyar kimi götürmək düzgün yanaşma deyil.

 Onun sözlərinə görə, cəmiyyətdə sovet dövründən qalan stereotiplər səbəbindən yaşlı idarəçilərə bəzən mənfi münasibət formalaşdırılır. Halbuki, uzun illərin təcrübəsi bəzi hallarda dövlət idarəçiliyində daha səmərəli nəticələr verə bilər.
“Burada əsas məsələ kiminsə gənc və ya yaşlı olması deyil. Əsas meyar həmin şəxsin idarəçilik qabiliyyəti, düzgün qərarvermə bacarığı, vətənə və millətə bağlılığı, peşəkarlığı, vicdanlılığı və korrupsiyadan uzaq olmasıdır”, – deyə o, bildirib.

Tural Abbaslı qeyd edib ki, son illərdə korrupsiya faktlarına görə məsuliyyətə cəlb olunan məmurlar arasında həm yaşlılar, həm də gənclər var.
“Korrupsiya və ya idarəçilikdə uğursuzluq yaşla bağlı deyil. Məsələn, son dövrlərdə həbs edilən məmurlar arasında gənclər də olub. Deməli, problemi yaşda axtarmaq düzgün deyil.

Əgər insanın sağlamlığı və fiziki imkanları vəzifəsini icra etməyə mane olursa, bu, tibbi rəylərlə müəyyən edilə bilər. Amma ümumi qərar qəbul edib “65 və ya 75 yaşdan yuxarı heç kim vəzifədə ola bilməz” demək doğru yanaşma deyil”, – deyə o, bildirib.
Tural Abbaslı dünya praktikasına da diqqət çəkərək bildirib ki, bir sıra dövlətlərin rəhbərləri kifayət qədər irəli yaşdadır.

“Misal üçün, Donald Tramp 80 yaşına yaxın olmasına baxmayaraq, dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərindən birinə rəhbərlik edir. Ümumiyyətlə, dünya liderlərinin böyük əksəriyyəti yaşlı siyasətçilərdir. Buna görə də insanları yaşına görə deyil, qabiliyyətinə və fəaliyyətinə görə qiymətləndirmək lazımdır”, – deyə o, fikrini yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki