Rusiyada iri neft şirkətlərinə bağlı olmayan özəl yanacaqdoldurma məntəqələri benzini rekord qiymətlərlə satmağa başlayıb.
Referans Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, bəzi məntəqələrdə benzinin bir litri artıq 120-140 (təxminən 3 manat) rubla təklif olunur.
Məlumata görə, iki həftə əvvəl bəzi məntəqələrdə qiymətlər ilk dəfə 100 rubla yaxınlaşsa da, proqram təminatı üçrəqəmli qiymətləri göstərməyə uyğun olmadığı üçün bu hədd keçilmirdi. Hazırda isə texniki dəyişikliklərdən sonra yanacaq artıq 100 rubldan yuxarı satılır.
Mərkəzi Federal Dairədə fəaliyyət göstərən bəzi özəl AYS-lərdə Aİ-92 markalı benzinin litri 115 rubldan, Aİ-95 isə təxminən 120 rubldan başlayır. Dizel yanacağının qiyməti isə 130-140 rubla çatıb.
Bildirilir ki, yanacaq çatışmazlığı səbəbindən iri neft şirkətlərinin məntəqələrində vəziyyət də mürəkkəbdir. Burada qiymətlər xeyli aşağı qalsa da (Aİ-92 - 63-66 rubl, Aİ-95 - 70-73 rubl), yanacaq gələn kimi uzun növbələr yaranır və ehtiyatlar qısa müddətdə tükənir.
"Reuters" yazır ki, topdansatış bazarında təklif tələbi qarşılamır. Bir çox sifariş yerinə yetirilmir, alınan partiyaların çatdırılması isə bəzən bir neçə ay gecikir. Bu səbəbdən bazarda kəskin yanacaq qıtlığı formalaşıb.
Ekspertlərin hesablamalarına görə, hazırkı topdansatış qiymətləri saxlanılarsa, yaxın dövrdə pərakəndə satış qiymətlərinin daha da yüksəlməsi mümkündür.
