İsraildə müdafiə xərcləri ilə bağlı hökumət daxilində fikir ayrılığı yaranıb. Uzanan hərbi əməliyyatlar və artan xərclər fonunda İsrail ordusu müdafiə büdcəsinin rekord həddə çatdırılmasını tələb edib.
Referans Media xəbər verir ki, hazırda 38,9 milyard dollar olan müdafiə büdcəsinin 49,5 milyard dollara yüksəldilməsi təklif olunur. Ordunun fikrincə, mövcud maliyyə imkanları ilə hərbi fəaliyyətlərin əvvəlki tempdə davam etdirilməsi çətinləşib.
Məlumatlarda bildirilir ki, son illərdə regionda müxtəlif istiqamətlərdə davam edən əməliyyatlar səbəbindən hərbi xərclər əhəmiyyətli dərəcədə artıb. Bu vəziyyət ordunu bəzi istiqamətlərdə qənaət tədbirləri görməyə məcbur edib.
İddialara əsasən, büdcə məhdudiyyətləri səbəbindən ehtiyat qüvvələrin sayının azaldılması və yüksək maliyyətli əməliyyatların məhdudlaşdırılması variantları müzakirə olunur.
Lakin İsrail Maliyyə Nazirliyi əlavə maliyyə tələbinə ehtiyatla yanaşır. Nazirlik bu həcmdə büdcə artımının dövlət xərclərinə ciddi təsir göstərə biləcəyini və ölkənin iqtisadi göstəricilərinə mənfi nəticələr yarada biləcəyini bildirir.
Rəsmilər hesab edir ki, müdafiə xərclərinin bu qədər genişləndirilməsi digər sahələrdə maliyyə yükünü artıracaq və beynəlxalq maliyyə qiymətləndirmələrinə də təsir edə bilər.
Hazırda müdafiə və maliyyə qurumları arasında müzakirələr davam edir. Yekun qərarın yaxın günlərdə İsrail hökuməti tərəfindən verilməsi gözlənilir.
Qərarın ölkənin həm təhlükəsizlik siyasətinə, həm də iqtisadi planlamasına təsir göstərəcəyi qeyd olunur.
