Universitetdə şok iddialar! Rektor qohumlarını və yaxınlarını vəzifəyə yerləşdirdi?

Türkiyənin Şırnak Universitetinin rektoru Prof. Dr. Abdurrahim Alkış haqqında sosial şəbəkələrdə yayılan və geniş rezonans doğuran iddialar universitet ictimaiyyətində və sosial mediada müzakirələrə səbəb olub. Yayılmış mətnlərdə rektorun yaxın qohumlarını universitetdə müxtəlif vəzifələrə təyin etdiyi və bu qərarları “inancı və səlahiyyətləri çərçivəsində etdiyini” dediyi iddia olunur.

İddialara görə, Alkış universitetdəki bəzi təyinatlara dair tənqidləri qəbul etməyərək, bu addımların “inanc prinsipləri” əsasında atıldığını bildirib və tənqid edənləri “fitnə yaymaqda” günahlandırıb.

Sosial mediada paylaşılan mətnlərdə rektorun YÖK və digər dövlət qurumlarındakı əlaqələrindən istifadə edərək universitetə əlavə kadrolar qazandırdığını söylədiyi də iddia edilir. Həmin iddialarda onun bu proseslərə qarşı çıxan bəzi əməkdaşları və akademikləri universitetdən uzaqlaşdırdığı da qeyd olunur.

Ən çox diqqət çəkən hissə isə yeni akademik vakansiyalarla bağlıdır. İddialara görə, hələ rəsmi mərhələ tamamlanmadan bəzi şəxslərin vəzifəyə təyin olunacağı əvvəlcədən açıqlanıb və universitet əməkdaşlarına həmin şəxsləri “təbrik etmə” göstərişi verildiyi bildirilib.

Sözügedən siyahıda bir neçə nəfərin müxtəlif fakültələr üzrə professor, dosent və doktorant vəzifələrinə təyin olunacağı iddia olunur.

Məsələ ilə bağlı Şırnak Universiteti və ya rəsmi qurumlar tərəfindən hələlik rəsmi açıqlama verilməyib. İddiaların doğruluğu müvafiq araşdırmalardan sonra aydınlaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki