Mart ayında qarşıdan gələn bayram günləri ilə əlaqədar pensiya ödənişlərinin qrafikində dəyişiklik edilib. Regionlarda yaşayan vətəndaşlar üçün ödənişlər vaxtından əvvəl həyata keçiriləcək.
Referans Media-nın məlumatına görə ölkənin digər bölgələrində qeydiyyatda olan, həmçinin güzəştli şərtlərlə pensiya alan şəxslərin vəsaitləri martın 11-də hesablarına köçürüləcək.
Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron rayonunda yaşayan təqaüdçülər öz ödənişlərini martın 6-da artıq alıblar.
Bu il pensiya sistemində tətbiq olunan yeniliklər ölkədəki 1,1 milyon pensiyaçını əhatə edir. Hərbi qulluqçular və hüquq-mühafizə orqanları əməkdaşları da daxil olmaqla bütün pensiyalar indeksləşdirilərək artırılıb. Dövlət büdcəsindən bu artımlar üçün illik 640 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bununla yanaşı Prezidentin Sərəncamına əsasən fərdi hesablardakı pensiya kapitalları da ötən ilin istehlak qiymətləri indeksi əsas götürülərək 5,6 faiz artırılıb. Pensiya sahəsində islahatların və təkmilləşdirmələrin gələcəkdə də davam etdiriləcəyi gözlənilir.(milli.az)























