“IV-VI siniflərin monitorinq nəticələrinə görə, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal standartlara cavab vermir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, belə siniflərin sayı 100-dən az deyil: “Problem ayrı-ayrı hallardan deyil, sistemli vəziyyətdən qaynaqlanır. Əgər yüzlərlə sinifdə eyni vəziyyət müşahidə olunursa və minlərlə şagird gözlənilən bilik və bacarıqlara yiyələnə bilmirsə, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Bu, təkcə müəllimin deyil, bütövlükdə məktəbin və təhsil sisteminin üzərində düşünməli olduğu bir məsələdir. Məqsəd heç kimi fərqləndirmək və ya günahlandırmaq deyil. Məqsəd odur ki, hər bir şagird keyfiyyətli təhsil almaq imkanına malik olsun”.
Nazirin açıqladığı rəqəm nə dərəcədə SOS xarakterlidir? Çıxış yolu nədir?
Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələri Azərbaycan dili, riyaziyyat və digər fənlər üzrə hansı bölgələrdə ciddi çatışmazlıqların olduğunu, şagirdlərin hansı fənlərin mənimsənilməsində çətinlik çəkdiyini aydın şəkildə ortaya qoyur: “Bu rəqəm mənim fikrimcə, kifayət qədər böyük və narahatedicidir. Çünki məqsədimiz ibtidai təhsil pilləsini başa vuran şagirdlərin zəruri bilik və bacarıqlara tam yiyələnməsi olmalıdır. VI sinif monitorinqinin nəticələri də göstərir ki, ibtidai təhsil mərhələsində yaranan boşluqlar sonrakı siniflərdə də özünü göstərir.
Burada ən vacib məqamlardan biri sovet təhsil sistemindən qalan yanaşmanın dəyişdirilməsidir. Hazırda ibtidai sinif müəllimi demək olar ki, bütün fənləri - riyaziyyatı, Azərbaycan dilini, həyat bilgisini və digər fənləri tədris edir. Hesab edirəm ki, növbəti mərhələdə, ən azı riyaziyyat fənni ayrıca tədris olunmalıdır və bu fənn riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil almış mütəxəssislərə həvalə edilməlidir.
Düşünürəm ki, Elm və Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə bu məsələni araşdırdıqdan sonra “Ümumi təhsil haqqında” və “Təhsil haqqında” qanunlara müvafiq dəyişikliklər edilməlidir. Eyni zamanda, məsələ Milli Məclisin Elm və təhsil komitəsində də müzakirəyə çıxarılmalıdır. Məqsəd ibtidai təhsil pilləsində fənlərin ixtisaslaşmış müəllimlər tərəfindən tədris olunmasıdır. Yəni, Azərbaycan dilini Azərbaycan dili müəllimi, riyaziyyatı isə riyaziyyat müəllimi keçməlidir. Necə ki, ingilis dili ayrıca müəllim tərəfindən tədris olunur, digər əsas fənlərdə də bu prinsip tətbiq edilməlidir.
Belə olduğu halda həm şagirdlərdə riyaziyyata maraq artacaq, həm də onların təhsil göstəricilərində ciddi irəliləyiş əldə olunacaq. Dünyanın əksər ölkələrində bu model tətbiq edilir. Yalnız MDB məkanında ibtidai sinif müəllimi bütün fənləri tədris edir. Hesab edirəm ki, biz də bu yanaşmadan uzaqlaşmalı və müasir təcrübəyə keçməliyik. Bu halda qarşıya qoyulan məqsədə nail olmaq mümkün olacaq”.
Ekspert daha sonra bildirib ki, alternativ yanaşmalardan biri də ibtidai təhsil pilləsinə yüksək ixtisaslı kadrların cəlb edilməsidir: “Bu istiqamətdə sertifikasiya prosesi artıq müəyyən nəticələr verir. Güman edirəm ki, növbəti mərhələdə keçiriləcək sertifikasiya zamanı da bəzi ibtidai sinif müəllimləri ilə yollar ayrılacaq və onların yerinə daha gənc, peşəkar, yüksək ixtisaslı müəllimlər cəlb olunacaq. Bu da problemin həlli yollarından biridir. Lakin hesab edirəm ki, ən optimal çıxış yolu hər bir əsas fənnin həmin ixtisas üzrə müəllim tərəfindən ibtidai siniflərdə tədris edilməsidir”.
