Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə əmin olduğunu açıqlayıb. O bildirib ki, hələlik konkret tarix müəyyənləşməsə də, görüşün baş tutacağı gözlənilir.
Maraqlıdır, Putin onu seçkinin qalibi kimi qarşılayacaq, yoxsa legitimliyini tanımayacaq?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Paşinyanın açıqlaması Moskva-İrəvan münasibətlərinin gələcək istiqaməti baxımından diqqəti cəlb edə biləcək siyasi faktordur:
“Parlament seçkilərindən sonra tərəflər arasında ayrıca görüşün keçirilməməsi, lakin belə bir təmasın gündəmdə olması həm Rusiyada, həm də Ermənistanda müxtəlif müzakirələr yaradır. Mövcud geosiyasi reallıqlar göstərir ki, Moskvanın Paşinyanın legitimliyini tanımaması və ya bunu açıq şəkildə şübhə altına alması ehtimalı olduqca zəifdir. Bu, Rusiya rəhbərliyinin Ermənistanın baş nazirinə münasibətində əvvəlki etimad və yaxınlığın bərpa olunduğu anlamına da gəlmir. Son illər ərzində Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi çatlar yaranıb. Xüsusilə də Ermənistan rəhbərliyinin Qərblə əməkdaşlığı genişləndirməsi Moskvanın İrəvana münasibətini əhəmiyyətli dərəcədə dəyişib. Paşinyan hakimiyyəti açıq şəkildə Avropa İttifaqı (Aİ) və ABŞ-la münasibətləri inkişaf etdirməyə çalışıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətini tənqid edib və Ermənistan ərazisində Aİ-nin müşahidə missiyasının yerləşdirilməsinə razılıq verib.
Bütün bunlar Kremlin narazılığına səbəb olsa da, Ermənistan daxilində siyasi proseslər Moskvanın gözlədiyi istiqamətdə inkişaf etməyib. Rusiyaya yaxın siyasi qüvvələrin və revanşist düşərgənin ümidləri özünü doğrultmayıb. Seçkilər göstərdi ki, bütün tənqidlərə baxmayaraq, Paşinyan hələ də Ermənistanın siyasi gündəmini müəyyənləşdirən siyasi fiqur olaraq qalır”.
Deputat bildirib ki, belə bir şəraitdə Kremlin Paşinyanın legitimliyini tanımaması əslində ona səs verənlərin iradəsini tanımamaq kimi qiymətləndirilə bilər:
“Əslində Kremlin qarşısında duran məsələ Paşinyanın legitim lider olub-olmaması deyil. Moskva üçün əsas sual Ermənistanla münasibətlərin hansı səviyyədə saxlanılacağıdır. Rusiyanın xarici siyasət təcrübəsi göstərir ki, Kreml özünə tam simpatiya bəsləməyən və hətta müəyyən məsələlərdə rəqib siyasi kurs yürüdən liderlərlə də işləməyi bacarır. Vacib şərt həmin ölkənin tamamilə rəqib geosiyasi blokun nəzarətinə keçməməsidir. Bu səbəbdən Paşinyanla görüşdən imtina etmək və ya onun legitimliyini şübhə altına almaq Kremlin maraqlarına cavab vermir. Əksinə, Moskva Ermənistanla mövcud olan əlaqə kanallarını qorumağa çalışacaq. Xüsusilə Ukrayna müharibəsinin davam etdiyi və Rusiyanın beynəlxalq təzyiqlərlə üzləşdiyi bir dövrdə Cənubi Qafqazda əlavə qarşıdurma yaratmaq Kreml üçün məqsədəuyğun görünmür”.
E.Mirzəbəylinin sözlərinə görə, Ermənistan təhlükəsizlik və xarici siyasət sahəsində daha çox Qərbə yaxınlaşmağa çalışsa da, iqtisadi baxımdan hələ də Rusiya ilə sıx bağlıdır:
“Məhz buna görə gözlənilən görüşdə iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, logistika marşrutları və regional inteqrasiya məsələlərinin əsas mövzulardan biri olacağı ehtimal edilir. Mövcud vəziyyətə görə, Putin Paşinyanı legitim baş nazir kimi qəbul edəcək və onunla danışıqlar aparacaq. Lakin bu görüş tərəflər arasında etimadın bərpası deyil, münasibətlərin idarə olunması məqsədi daşıyacaq. Bu dostluğun yox, siyasi praqmatizmin təzahürü olacaq. Ən real ssenari ondan ibarətdir ki, Putin Paşinyanı seçkilərdə qalib gəlmiş və Ermənistan xalqının mandatını almış legitim hökumət başçısı kimi qəbul edəcək. Bunun əksi Kremlin Ermənistanı daha sürətlə Qərbə itələməsi və regiondakı təsir imkanlarını zəiflətməsi ilə nəticələnə bilər”.
