Yaponiya 2040-cı ilə qədər əmək bazarında süni intellekt dəstəkli 10 milyon robotdan istifadə etməyi planlaşdırır

Yaponiya azalan işçi qüvvəsi probleminin həlli məqsədilə 2040-cı ilə qədər ölkənin 18 müxtəlif sektorunda süni intellekt dəstəkli 10 milyon robotdan istifadə etməyi planlaşdırır.

Yaponiyanın dövlət televiziyası NHK-nın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə istinadən yaydığı məlumata görə, hökumət süni intellekt dəstəkli robotlarla bağlı yeni strategiyasını açıqlayıb.

Strategiyaya əsasən, ölkədə işçi qüvvəsinin getdikcə azalmasının qarşısını almaq üçün 2040-cı ilə qədər 10 milyon süni intellekt dəstəkli robotun 18 fərqli sahədə tətbiqi nəzərdə tutulur.

Robotlardan istifadə olunması planlaşdırılan sahələrə istehsal, infrastrukturun texniki xidməti, səhiyyə, yaşlı və xəstə baxımı, təbii fəlakətlərə müdaxilə, eləcə də müdafiə sektoru daxildir.

Bununla yanaşı, yalnız kompüter ekranı ilə məhdudlaşmayıb fiziki mühitdə də fəaliyyət göstərə bilən süni intellekt texnologiyalarının hazırlanması layihəsinə 380 milyard yapon yeni (təxminən 109 milyard türk lirəsi) vəsait ayrılacaq.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Akazava Ryosei Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, müəyyən sahələr üzrə məlumatlar toplanır və bu məlumatlardan "Yaponiyanın robotlar üçün süni intellekt texnologiyalarının inkişafında dünya liderinə çevrilməsi" məqsədilə istifadə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki