Avropadan Rusiyaya ŞOK – Kreml üçün müharibə SÜRƏTLƏ bahalaşır

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen özünün X səhifəsində Güney Qafqaza səfərindən bir gün qabaq yazıb. “Ukraynanın uğurla Rusiyanın genişmiqyaslı işğalına müqavimət göstərməsinin əsas səbəblərindən biri onun ixtiraçılığı və yaradıcı yanaşmasıdır”, - o qeyd edib.

Bu rəqəm (məbləğ) Ukrayna üçün nə deməkdir və müharibənin gedişinə necə təsir edə bilər?

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Avropa Komissiyasının sədrinin Ukraynanın müdafiə sənayesinə, xüsusilə də pilotsuz uçuş aparatlarının istehsalına ilkin mərhələdə 3,9 milyard avro ayrıldığını açıqlaması təsadüfi qərar deyil: “Bu, əslində Avropanın müharibəyə baxışında keyfiyyətcə yeni mərhələnin başlandığını göstərən siyasi siqnaldır.

Əgər məsələyə geosiyasi prizmadan yanaşsaq, burada söhbət təkcə maliyyə yardımından getmir. Avropa artıq başa düşür ki, Ukrayna bu gün faktiki olaraq bütün Avropa təhlükəsizlik sisteminin ön xəttidir. Ona görə də Kiyevə ayrılan vəsait xərclənən pul deyil, Avropanın öz təhlükəsizliyinə qoyduğu investisiyadır”.

Siyasi şərhçi deyib ki, ayrılan vəsaitin əsas hissəsi məhz dron texnologiyalarına yönəldilir:

“Müharibənin son iki ili göstərdi ki, klassik tank və artilleriya müharibəsi tədricən yüksək texnologiyalı pilotsuz sistemlərlə əvəzlənir. Bu gün cəbhədə üstünlüyü çox vaxt bahalı raketlər deyil, minlərlə ucuz, lakin yüksək dəqiqlikli FPV və zərbə dronları müəyyən edir. Rusiyanın üstünlüyü uzun müddət canlı qüvvə və hərbi sənaye imkanlarında idi. Ukrayna isə texnoloji çeviklik hesabına bu fərqi kompensasiya etməyə çalışırdı. İndi Avropa həmin modeli maliyyələşdirir. Deməli, Ukrayna daha çox istehsal edəcək, daha çox zərbə endirəcək və Rusiya üçün müharibə daha da bahalaşacaq”.

Ekspert başqa mühüm məqam da diqqət çəkib: “Avropa ilk dəfə olaraq silahı sadəcə anbarlarından göndərmir, Ukraynanın öz hərbi-sənaye kompleksini maliyyələşdirir. Bu isə uzunmüddətli strategiyadır. Başqa sözlə, məqsəd Ukraynanı yardım alan ölkədən müasir silah istehsal edən ölkəyə çevirməkdir. Moskva üçün əsas narahatlıq da məhz budur. Çünki Rusiya zamanın öz xeyrinə işləyəcəyini hesablayırdı. Kreml düşünürdü ki, Qərb yorulacaq, maliyyə yükü artacaq və Ukraynaya dəstək tədricən azalacaq.

Ursula fon der Leyenin açıqladığı paket isə bunun əksini göstərir. Avropa əksinə, dəstəyi sistemli və institusional mərhələyə keçirir. Bu vəsait müharibənin taleyini bir neçə ay ərzində dəyişməyə bilər. Lakin orta perspektivdə cəbhədə texnoloji üstünlüyün daha da Ukraynanın xeyrinə dəyişməsinə ciddi təsir göstərə bilər. Xüsusilə uzaqmənzilli pilotsuz sistemlərin inkişafı Rusiyanın arxa cəbhəsində yerləşən hərbi infrastrukturun, logistika mərkəzlərinin və hərbi-sənaye müəssisələrinin daha intensiv zərbələrə məruz qalmasına şərait yaradacaq.

Digər tərəfdən, bu qərarın siyasi mesajı hərbi nəticəsindən heç də az əhəmiyyət daşımır. Avropa Rusiyaya nümayiş etdirir ki, Ukrayna məsələsində geri çəkilmək niyyətində deyil. Bu isə Kremlin həm diplomatik, həm də hərbi hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur edən amillərdən biridir”.

Siyasi şərhçi hesab edir ki, ayrılmış 3,9 milyard avro Avropanın uzunmüddətli strateji kursunun təsdiqidir: “Əgər indiyədək əsas məqsəd Ukraynanın məğlub olmamasını təmin etmək idisə, indi məqsəd onun texnoloji üstünlüyünü formalaşdırmaqdır. Müasir müharibələrdə isə texnologiya çox vaxt say üstünlüyündən daha böyük əhəmiyyət daşıyır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki