Azərbaycanda dövlət büdcəsi vəsaitləri üzərində nəzarətin gücləndirilməsi istiqamətində mühüm addım atılıb.
Referans Media xəbər verir ki, Prezident İlham Əliyev bu gün “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra mühüm addımlar atılacaq. Bu addımlar sırasına ilk növbədə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, qalan dövlət qurumlarının büdcədənkənar vəsaitlərinin istifadəsində yenilik diqqəti cəlb edir. Belə ki, fərmana əsasən həmin vəsaitlərin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin təşkilatların “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Bu zaman büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri də müəyyən edilib. Bu hədd vəzifə maaşına əlavələrə münasibətdə – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək; mükafat və digər ödənişlərə münasibətdə isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək məbləğdən yuxarı olmamalıdır.
Yuxarıdakı 3 istisna ilə 2027-ci ildən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək.
Bundan əlavə, fərmanla Maliyyə Nazirliyinə dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması, həmçinin dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi ilə bağlı təklifləri 1 ay müddətində hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıq.
Qeyd edək ki, hazırda dövlət büdcəsinin 8 məqsədli fondu var: Bunlar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu, Nəqliyyat Vasitələrinin Utilizasiyası Fondu, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, Mineral xammal bazasının bərpası üzrə dövlət fondu, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu. 2026-cı ilin dövlət büdcəsində məqsədli büdcə fondları üzrə gəlirlər və xərclər bərabər olmaqla 472,3 milyon manat məbləğində nəzərdə tutulur.
Maliyyə Nazirliyinin açıqlamasına görə, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 250 milyon manat məbləğində nəzərdə tutulur. Həmin vəsait əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsinə, saxlanılmasına və istismarına yönəldilməlidir.
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155 milyon manat təşkil edəcək və həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcək.
Nəqliyyat vasitələrinin utilizasiyası fondunun gəlirləri və xərcləri bərabər olmaqla 52 milyon manat məbləğində olmalıdır. Bu vəsait utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satın alınması zamanı tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsinə, habelə utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin həyata keçirilməsinə sərf ediləcək.
Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5,8 milyon manat məbləğində nəzərdə tutulur. Həmin vəsait ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, habelə yaşıllıqları mühafizə tədbirlərinin və ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4,5 milyon manat məbləğində nəzərdə tutulur. Bu vəsait ölkə ərazisində meşələrin mühafizəsi, qorunması, onların bərpası, meşəsalma işlərinin görülməsi, ərazinin ekoloji cəhətdən sağlamlaşdırılması, bu sahədə elmi tədqiqat və layihə axtarış işlərinin aparılması, turizm və rekreasiya xidməti üçün sahələrin yaradılması, meşə təsərrüfatının idarə edilməsi və aparılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün sərf ediləcək.
Mineral xammal bazasının bərpası üzrə dövlət fondunun gəlirləri və xərcləri bərabər olmaqla 3 milyon manat məbləğində nəzərdə tutulur. Həmin vəsait əsasən faydalı qazıntı yataqlarının axtarışı, aşkar olunması, qiymətləndirilməsi və kəşfiyyatı, mineral-xammal bazasının formalaşması, bərpası və istifadəsi üzrə vahid texniki siyasətin aparılması işlərinə yönəldiləcək.
Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondunun gəlirləri və xərcləri bərabər olmaqla 1 milyon manat məbləğində nəzərdə tutulur. Bu vəsait balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin, balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsinə sərf olunacaq.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondunun gəlirləri və xərcləri bərabər olmaqla 1 milyon manat məbləğində nəzərdə tutulur. Bu vəsait əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, yerləşdirilməsi sxeminin hazırlanması, idarə edilməsi, mühafizəsi, qorunub saxlanması, inkişafı və bərpasının, habelə xüsusi mühafizə olunan təbiət ərazilərində həmin sahədə digər tədbirlərin maliyyələşdirilməsinə xərclənəcək.
Qeyd edək ki, məqsədli büdcə fondlarının vəsaitlərindən səmərəli istifadə sahəsində ciddi problemlər uzun müddətdir davam edir. Eyni zamanda müxtəlif dövlət qurumlarının büdcədənkənar vəsaitlərinin xərclənməsi üzərində effektiv nəzarətin olmaması ən çox müzakirə olunan məsələlərdən biridir.
Dövlət başçısının fərmanı bu sahədə problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.
