Ukraynanın yeni strategiyası uğur qazanarsa, Rusiya xəritədə hava məkanı açıq qalsa da, beynəlxalq aviasiya üçün getdikcə, daha riskli ölkəyə çevrilə bilər... Və bu təhlükəli qarşıdurmada bir səhv hesablanmış hərbi zərbənin Ukrayna savaşını daha qorxunc inkişaf istiqamətlərinə yönəldə biləcəyi isə qətiyyən istisna deyil...
Ukrayna müharibəsində yeni və ən təhlükəli mərhələ artıq başlanmış kimi görünür. Belə ki, bu savaş artıq yalnız cəbhə xəttində ərazi uğrunda döyüşlər və hərbi obyektlərə endirilən dağıdıcı zərbələr çərçivəsindən kənara çıxmaqdadır. Çünki rəsmi Kiyev müharibəni Rusiyanın ərazilərinə keçirtməklə, kifayətlərnmək niyyətində olmadığını açıq şəkildə biruzə verir. Yəni, Ukrayna bu savaşı Rusiyanın hava nəqliyyat sisteminə, iri aeroportlarına və beynəlxalq aviasiya əlaqələrinə qədər genişləndirmək planlarını birmənalı şəkildə bəyan edib. Rəsmi Kiyevin Rusiyanın hava məkanını faktiki olaraq, “bloklamaq” planı Kremlin yalnız hərbi deyil, həm də iqtisadi və nəqliyyat baxımından, təzyiq altında saxlanılmasına hesablanmış yeni strategiya kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin bu barədə mesajı kifayət qədər sərt məzmun daşıyır. Onun bəyan etdiyi plan reallaşarsa, Rusiyanın hava məkanı mülki aviasiya üçün təhlükəsizliyini itirə və beynəlxalq aviaşirkətlər də bunun nəticələrini mütləq nəzərə almaq məcburiyyətində qala bilər. Çünki rəsmi Kiyevin əsas məqsədi PUA-lar vasitəsilə elə təhlükəli situasiya yaratmaqdır ki, Moskvanın və Rusiyanın digər iri şəhərlərinin aeroportlarının normal fəaliyyəti ciddi şəkildə pozulmuş olsun.
Qərb ekspertləri hesab edirlər ki, bu, əslində, Ukraynanın Rusiyaya qarşı yeni “boğucu” strategiyasıdır. Onların fikrincə, Ukraynanın Rusiya aeroportlarını dağıtmasına demək olar ki, ehtiyac yoxdur. Ancaq əgər, hava limanı hərbi təhlükə səbəbindən saatlarla fəaliyyətini dayandırarsa, uçuşlar təxirə salınar, sərnişinlər başqa istiqamətlərə yönləndirilər. Nəticədə xarici aviaşirkətlərin əlavə xərclərlə üzləşməsi ilə yanaşı, sığorta riskləri də artarsa, bu halda, Rusiyanın hava məkanının normal fəaliyyətindən danışmaq artıq çətinləşmiş olar. Və rəsmi Kiyevin yeni strategiyası üzrə əsas hədəflər də məhz bu məqsədə nail olmağa hesablanmış kimi görünür.
Məsələ ondadır ki, Rusiya iqtisadiyyatının xarici təzyiqlərə tədricən uyğunlaşmasına baxmayaraq, ölkənin nəqliyyat sistemində davamlı qeyri-müəyyənliyin yaradılması Kremlin iqtisadi imkanlarına əlavə yük gətirə bilər. Xüsusilə də beynəlxalq aviaşirkətlər Rusiya istiqamətlərini yüksək riskli hesab etməyə başlayarsa, məsələ sadəcə, bir neçə reysin ləğvi ilə məhdudlaşmayacaq. Üstəlik, Ukraynanın Rusiya hava məkanında yaratmağa başladığı təhlükəli situasiyanın ilkin nəticələri də müşahidə edilməyə başlayıb.
Belə ki, bu ayın əvvəllərində Türkiyə aviaşirkətləri Moskva və İstanbul arasındakı bir sıra uçuşların ləğv edilməsinə məcbur qalmışdı. İndi isə bu neqativ prosesə bəzi nəhəng ərəb aviasiya şirkətləri də qoşulmağa başlayıb. Belə ki, “Air Arabia” Rusiyaya oktyabr və dekabr ayları üçün planlaşdırılan bəzi reysləri artıq indidən ləğv etdiyini bəyan edib. Düzdür, ayrı-ayrı aviaşirkətlərin qərarlarını texniki və müvəqqəti məhdudiyyət kimi də qiymətləndirmək mümkündür. Ancaq bu neqativ addımlar ardıcıl xarakter aldıqca, Rusiyanın hava nəqliyyatının qarşısında daha ciddi problem yaranmağa başlayır.
Ən təhlükəli məqam isə Moskva aeroportlarının fəaliyyətinin təkrar-təkrar dayandırılmasıdır. Çünki müasir müharibələrdə hər hansı ölkənin aeroportlarının təhlükəsizliyi yalnız onların bombalanıb-bombalanmaması ilə ölçülmür. Üstəlik, hava limanının fasiləsiz fəaliyyət göstərə bilməməsinin özü isə artıq strateji zəiflik hesab olunur. Ukrayna hazırda Rusiyanın məhz bu zəifliyini hədəfə almağa çalışır. Ona görə də, Rusiya üçün mövcud problem getdikcə, hərbi obyektlərə dağıdıcı zərbələrin nəticələrindən də kənara çıxmaqdadır. Çünki əgər, PUA-ların hücum təhlükəsi Rusiyanın hava nəqliyyatını davamlı şəkildə iflic edirsə, bu, Kremlin gündəlik idarəetmə və iqtisadi fəaliyyətinə də sarsıdıcı təzyiqlər yaradır.
Dugər tərəfdən, paytaxt Moskvanın hava limanlarının fəaliyyətində yaranan hər yeni fasilə Rusiya cəmiyyətinə müharibənin artıq yalnız cəbhədə getmədiyini də nümayiş etdirir. Bununla belə, rəsmi Kiyevin bu yeni strategiyasının ən riskli tərəfi məhz elə mülki aviasiya faktorudur. Ona görə də, Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq aviaşirkətlərə və sığorta qurumlarına Rusiyanın hava məkanındakı ciddi təhlükə barədə əvvəlcədən xəbərdarlıq etməyi vacib sayıb. Bu, həm də Ukraynanın hərbi əməliyyatların nəticələrini beynəlxalq aviasiya bazarına da daşımaq cəhdi kimi qiymətləndirilə bilər. Əgər, sığorta şirkətləri riskləri artırsa, aviaşirkətlərin Rusiyaya uçuşlarının maya dəyəri yüksələ, bəzi marşrutlar isə kommersiya baxımından, əhəmiyyətini itirə bilər.
Belə anlaşılır ki, PUA-lar artıq yalnız hərbi silah funksiyası daşımır, həm də tədricən iqtisadi təzyiq alətinə də çevrilir. Kremlin bütün bu baş verənlərə son reaksiyası isə onu göstərir ki, Ukraynanın yeni strategiyasının Rusiya üçün yaratdığı böyük təhlükəni artıq anlayır. Belə ki, prezident Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin Rusiya səmasının təhlükəli olduğu barədə bəyanatını “dövlət terrorizminə iddia” adlandırıb. Üstəlik, prezident Vladimir Putin rəsmi Kiyevin eyni vaxtda həm sülh müzakirələrindən danışmasını, həm də Rusiya hava məkanına təhlükə yaratmasını ziddiyyət kimi təqdim edib.
Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin “terrorçularla danışıqlar aparmırlar” mesajı isə mövcud vəziyyəti daha da sərtləşdirir. Çünki bu ifadə sadəcə, siyasi ritorika deyil, həm də Rusiyanın Ukrayna ilə danışıqların perspektivinə münasibətinin sərtləşə biləcəyinə yönəlik xəbərdarlıq kimi də qəbul oluna bilər. Eyni zamanda, daha ciddi xəbərdarlıq isə prezident Vladimir Putinin mümkün mülki aviasiya itkilərinə görə Ukraynaya qarşı mütləq cavab reaksiyası olacağı barədə təhdididir. Çünki Rusiya liderinin “onlara necə cavab verəcəyimizi artıq bilirik” məzmunlu açıqlaması onu göstərir ki, Kreml ölkənin hava məkanına qarşı hücumların yeni eskalasiya dalğasına çevrilməsindən hər halda, ehtiyat edir.
Onu da qeyd etmək lazımdır ki, bütün bunların nəticəsində olduqca təhlükəli bir ssenari də ortaya çıxmış olur. Belə ki, əgər, Ukrayna Rusiya aeroportlarının fəaliyyətini daha uzun müddətə dayandırmaq imkanına malik olduğunu nümayiş etdirərsə, Kreml buna cavab olaraq, Ukraynanın nəqliyyat və enerji infrastrukturu üzərində zərbələri daha da gücləndirə bilər. Üstəlik, hər hansı hücum nəticəsində mülki təyyarə ciddi şəkildə zərər görərsə və ya insan tələfatı baş verərsə, onda müharibənin tamamilə yeni mərhələyə keçə biləcəyi də qətiyyən istisna deyil.
Bütün bunları nəzərə aldıqda, Rusiya səması uğrunda mübarizə artıq sadəcə, hava hücumundan müdafiə prosesi kimi görünmür. Çünki bu məsələdə həm də beynəlxalq aviasiya, sığorta bazarı, iqtisadi sabitlik və hətta siyasi-diplomatik danışıqların gələcəyi belə, bir-birinə bağlanmış olur. Ukraynanın yeni strategiyası uğur qazanarsa, Rusiya xəritədə hava məkanı açıq qalsa da, beynəlxalq aviasiya üçün getdikcə, daha riskli ölkəyə çevrilə bilər. Və bu təhlükəli qarşıdurmada bir səhv hesablanmış hərbi zərbənin Ukrayna savaşını ümumiyyətlə, daha qorxunc inkişaf istiqamətlərinə yönəldə biləcəyi isə qətiyyən istisna deyil./Musavat.com/
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
