“Yaşıl keçid Azərbaycanın qarşısında 44 milyard dollarlıq investisiya ehtiyacı yaradır. Bu vəsaitin böyük hissəsinin banklar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur”.
Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Maliyyə sektorunda ekoloji, sosial və idarəetmə amilləri üzrə təlim”də məlumat verilib.
Təqdimatda bildirilib ki, 2060-cı ilədək dekarbonizasiya və iqlim dayanıqlılığının təmin edilməsi üçün 44 milyard dollar investisiyaya ehtiyac var.
Azərbaycanın emissiyaların azaldılması hədəfinə əsasən, 2035-ci ilədək tullantıların həcmi 1990-cı illə müqayisədə 40 faiz azaldılmalıdır.
Eyni zamanda, 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, ölkənin maliyyə sisteminin aktivlərinin 90 faizdən çoxu bankların payına düşür. Bu səbəbdən yaşıl keçidlə bağlı investisiyaların əsasən kreditlər vasitəsilə maliyyələşdirilməsi gözlənilir.
Təqdimatda yaşıl keçidin bank sektoru üçün yaratdığı risklərə də diqqət çəkilib. Bildirilib ki, neft və qaz Azərbaycanın ümumi daxili məhsulunda və ixracında əhəmiyyətli paya malikdir. Qlobal enerji keçidi nəticəsində bu gəlirlərin azalması ilə bağlı risklər bankların kredit portfellərinə də təsir göstərə bilər./Globalinfo.az/

