Azərbaycanda sahibkarlığın inkişafını stimullaşdırmaq, istehsal və kənd təsərrüfatı obyektlərinin fəaliyyətə başlamasını asanlaşdırmaq məqsədilə yeni dövlət dəstəyi mexanizmi tətbiq ediləcək. Belə ki, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma xərclərinin 50 faizi dövlət tərəfindən qarşılanacaq. Qərar xüsusilə yeni biznes qurmaq və ya mövcud fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün əlavə maliyyə imkanları yarada bilər.
Bəs bu mexanizm sahibkarlıq mühitinə, kiçik və orta biznesin inkişafına, eləcə də məhsulların maya dəyərinə necə təsir göstərəcək? Dövlət dəstəyinin həcmi artırıla bilərmi?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ilk növbədə, qərarın mahiyyəti düzgün anlaşılmalıdır. Onun sözlərinə görə, nəzərdə tutulan güzəşt elektrik enerjisinin tariflərinə deyil, sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma xərclərinə aiddir.
“Bu, elektrik enerjisinin tariflərinə endirim deyil”
Ekspert qeyd edib ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə qərar yanlış təqdim olunur:
“Bu, elektrik enerjisinin qiymətinə və ya tariflərinə edilən endirim deyil. Söhbət yalnız elektrik şəbəkəsinə qoşulma xərclərindən gedir. Yəni sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik şəbəkəsinə qoşulması zamanı yaranan xərclərin 50 faizi dövlət tərəfindən qarşılanacaq. Bəzi media qurumları və sosial şəbəkələr bunu sanki elektrik enerjisinin tariflərinə güzəşt kimi təqdim edirlər. Halbuki məsələ tamamilə fərqlidir”.
“Qoşulma xərcləri ümumiyyətlə pulsuz olsa, daha yaxşıdır"
Natiq Cəfərli hesab edir ki, dövlətin bu xərclərin yarısını qarşılaması müsbət addım olsa da, daha optimal yanaşma elektrik şəbəkəsinə qoşulmanın sahibkarlar üçün tamamilə ödənişsiz təşkil edilməsidir.
“Əslində, məncə, dövlət bunu tamamilə pulsuz etsə, daha yaxşı olar. Çünki sənaye müəssisələri və kənd təsərrüfatı obyektləri fəaliyyət göstərmək üçün elektrik enerjisinə qoşulmalıdır. Bu xidmətin təminatçısı və elektrik enerjisinin satıcısı da dövlətdir.
Dövlət elektrik enerjisini müəssisəyə çatdırır, sayğac quraşdırır və həmin enerjini satır. Yəni burada dövlət öz məhsulunu satır. Ona görə də satışda maraqlı olan tərəf kimi elektrik şəbəkəsinə qoşulma prosesini sahibkarlar üçün mümkün qədər asanlaşdırmalıdır”.
“Dövlət öz məhsulunun satışında maraqlı olmalıdır”
Ekspertin fikrincə, elektrik şəbəkəsinə qoşulma xərclərinin tamamilə aradan qaldırılması istehsal və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinə başlamaq üçün daha əlverişli şərait yarada bilər.
Natiq Cəfərli hesab edir ki, dövlətin əsas məqsədi sahibkarların qarşısındakı ilkin maliyyə maneələrini azaltmaq və onların istehsal imkanlarını genişləndirmək olmalıdır.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən yeni dəstək mexanizmi sahibkarların elektrik şəbəkəsinə qoşulma zamanı çəkdiyi xərclərin azaldılmasına xidmət edəcək. Bununla belə, ekspertin yanaşmasına görə, daha geniş iqtisadi nəticə əldə etmək üçün güzəştin 50 faizlə məhdudlaşmaması və qoşulma xərclərinin tamamilə dövlət tərəfindən qarşılanması da nəzərdən keçirilə bilər.
Sima Babayeva
