Azərbaycanda dövlət özəlləşdirmə çeklərinin taleyi ilə bağlı müzakirələr illərdir davam edir. 1996-cı ildə vətəndaşların dövlət əmlakının özəlləşdirilməsində iştirakını təmin etmək məqsədilə dövriyyəyə buraxılan bu çeklərin istifadə müddəti 2011-ci il yanvarın 1-də başa çatsa da, bir çox vətəndaşın əlində hələ də istifadə olunmamış çeklər qalıb. Bu isə onların hüquqi statusu, mümkün kompensasiya və dövlət qarşısında öhdəliklərin olub-olmaması ilə bağlı suallar yaradır.
Bəs vətəndaşların əlində qalan özəlləşdirmə çeklərinin hüquqi taleyi necə müəyyənləşdirilməlidir? Onların sahiblərinə kompensasiya ödənilməsi və ya alternativ mülkiyyət hüququnun verilməsi mümkündürmü?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ekspert Seyran Tağıyev özəlləşdirmə çeklərinin ilkin yaradılma məqsədindən və hazırkı vəziyyətindən danışıb.
Ekspert bildirib ki, 1996-cı ildə dövlət əmlakının özəlləşdirilməsi prosesinin tərkib hissəsi kimi dövriyyəyə buraxılan çeklərin əsas məqsədi vətəndaşların bu prosesdə iştirakını təmin etmək olub. Prezidentin 22 mart 1996-cı il tarixli fərmanına əsasən, həmin tarixədək qeydə alınmış hər bir Azərbaycan vətəndaşına dörd çekdən ibarət bir özəlləşdirmə payının verilməsi nəzərdə tutulurdu.
Onun sözlərinə görə, bu mexanizm vasitəsilə vətəndaşların dövlət müəssisələrinin səhmlərini əldə etməsi, dövlət əmlakının müəyyən hissəsinin əhali arasında bölüşdürülməsi və insanların iqtisadi proseslərdə iştirakının təmin edilməsi hədəflənirdi.
Seyran Tağıyev qeyd edib ki, Prezidentin 23 dekabr 2009-cu il tarixli fərmanına uyğun olaraq özəlləşdirmə çeklərinin son istifadə müddəti 2011-ci il yanvarın 1-də başa çatıb. Rəsmi mövqeyə əsasən, həmin tarixdən sonra çeklər tədavüldən çıxarılıb və onlardan özəlləşdirmə prosesində istifadə, eləcə də alqı-satqı qanunsuz hesab olunur.
Ekspertin fikrincə,buna baxmayaraq, vətəndaşların əlində qalan çeklərin hüquqi taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməsinə ehtiyac var. Çünki çeklərin istifadə müddətinin başa çatması onların sahiblərinin bu məsələ ilə bağlı suallarını və gözləntilərini tam aradan qaldırmayıb.
O bildirib ki, çekləri əlində saxlayan vətəndaşlar ilk növbədə onların orijinallarını qoruyub saxlamalıdırlar. Eyni zamanda, çekləri yenidən dövriyyəyə qaytaracağını və ya dövlət əmlakına dəyişəcəyini vəd edən şəxslərə etibar etmək olmaz. Vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı müraciət edərək çeklərin hüquqi statusu və gələcək taleyi barədə rəsmi məlumat ala bilərlər.
Seyran Tağıyev hesab edir ki, problemin həlli üçün dövlət səviyyəsində hüquqi və iqtisadi qiymətləndirmə aparılmalıdır. Bu istiqamətdə istifadə olunmamış çeklərin sahiblərinə kompensasiya ödənilməsi variantı nəzərdən keçirilə bilər. Digər mümkün yanaşma isə çeklərin müəyyən dövlət aktivlərində pay əldə etmək hüququ ilə əvəzlənməsidir.
Ekspert vurğulayıb ki, əsas məsələ çeklərin hüquqi statusunun dəqiqləşdirilməsi və vətəndaşların hüquqlarının qanunvericilik səviyyəsində aydın müəyyən edilməsidir. Bunun üçün ayrıca hüquqi mexanizmin hazırlanması, dövlətin və çek sahiblərinin hüquq və öhdəliklərinin konkret şəkildə təsbit olunması vacibdir.
Beləliklə, özəlləşdirmə çekləri ilə bağlı mübahisələrin birdəfəlik həlli üçün məsələyə yalnız müddəti başa çatmış sənədlər kimi deyil, həm də dövlət özəlləşdirmə siyasətinin tarixi və hüquqi nəticələri kontekstində yanaşılması vacibdir. Vətəndaşların gözləntilərinə aydınlıq gətirilməsi və mümkün hüquqi həll yollarının müəyyənləşdirilməsi dövlət səviyyəsində müzakirə tələb edən məsələlərdəndir.
Sima Babayeva
